Milli Məclis icbari tibbi sığorta şəhadətnaməsinin elektron formata keçirilməsini təsdiqləyib

Milli Məclis icbari tibbi sığorta şəhadətnaməsinin elektron formata

Milli Məclis "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlara dəyişiklikləri üçüncü, yəni son oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən, icbari tibbi sığorta şəhadətnaməsi elektron formada müvafiq informasiya sistemində yaradılacaq.

Qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb və səsvermə nəticəsində təsdiqlənib.

Bildirilib ki, sənəd Prezidentin 19 mart 2026-cı il tarixli, 631 nömrəli "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Dəyişikliklərə əsasən, "Tibbi sığorta haqqında" qanuna "icbari tibbi sığorta fondu" anlayışı əlavə edilir. Bununla yanaşı, icbari tibbi sığorta ilə bağlı əməliyyatların səlahiyyətli qurumun müəyyən etdiyi informasiya sistemi vasitəsilə elektron qaydada aparılması üçün hüquqi baza formalaşdırılır.

Layihədə ambulator müalicə zamanı istifadə olunan dərman vasitələrinin apteklər tərəfindən yalnız informasiya sisteminə ötürülmüş elektron resept əsasında təqdim edilməsi də nəzərdə tutulur.

Qeyd olunub ki, qəbul edilən dəyişikliklər icbari tibbi sığorta sahəsində elektron xidmətlərin hüquqi əsaslarını genişləndirəcək, elektron resept sisteminin tətbiqini qanunvericilik səviyyəsində tənzimləyəcək və icbari tibbi sığorta şəhadətnaməsinin tam elektron formatda istifadəsinə imkan yaradacaq.

Bundan əlavə, qanun layihəsi əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimləmələrin reabilitasiya xidmətləri sahəsində səlahiyyət bölgüsünə uyğunlaşdırılmasını da nəzərdə tutur.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılıb və Milli Məclis tərəfindən üçüncü oxunuşda qəbul edilib.