Müsahibələrin keçirilməsi qaydaları ilə bağlı təlim təşkil edilib

Müsahibələrin keçirilməsi qaydaları ilə bağlı

Dünən sentyabrın 4-də Dövlət İmtahan Mərkəzinin Müsahibələrin təşkili şöbəsinin aparıcı məsləhətçisi Kamran Səfərov və Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda distant təlim keçirilib.

Təlimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşları iştirak ediblər.

Təlim zamanı iştirakçılara müsahibənin əsas xüsusiyyətləri, məqsədi və ona hazırlıq prosesi, namizədin biliyinin qiymətləndirilməsi üçün tələb olunan bacarıqlar, müsahibənin strukturu və keçirilmə qaydaları, eləcə də namizədlərin qiymətləndirilməsi meyarları barədə ətraflı məlumat verilib.

Həmçinin müsahibə komissiyasının fəaliyyəti, o cümlədən komissiyanın tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri izah olunub. Namizədin vakant vəzifəyə uyğunluğunun qiymətləndirilməsi zamanı vəzifənin tələblərinə və müsahibə proqramına uyğun sualların hazırlanması və təqdim edilməsi, eləcə də sual və tapşırıqların verilməsi zamanı müəyyən edilmiş vaxt bölgüsünə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.