Azərbaycan Respublikası Nazirlər Kabineti peşə təhsili müəssisələrində dövlət sifarişi ilə kadr hazırlığının maliyyələşdirilməsi ilə bağlı qərara dəyişiklik edib.
MONETAR.AZ xəbər verir ki, Nazirlər Kabinetinin 30 iyun 2026-cı il tarixli qərarı ilə 2023-cü il 14 iyun tarixli 192 nömrəli qərarla təsdiq edilmiş “Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”na düzəlişlər edilib.
Qərarla dövlət sifarişi üzrə maliyyələşdirilən ixtisaslar siyahısına yeni istiqamətlər də əlavə olunub.
Yeni əlavə edilən ixtisaslar arasında 3D rəqəmsal oyun dizayneri, alternativ enerji qurğu və avadanlıqlarının istismarı, avtomobil nəqliyyatı üzrə operator, bədii tikmə ustası, daş memarlıq abidələrinin bərpaçısı, dronların texniki xidmət və təmiri üzrə texnik, elektrik və hibrid avtomobillərin texniki qulluq və təmiri üzrə texnik, günəş panelləri quraşdırıcısı və təmirçisi, istehsalata rəqəmsal nəzarət sistemləri, mexatronika, rəqəmsal inşaat, satış və marketinq, kompüter sistem inzibatçısı, geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları və bitki mühafizəsi üzrə texnik kimi ixtisaslar yer alır.
Qərarın məqsədi əmək bazarının tələblərinə uyğun yeni peşə istiqamətləri üzrə kadr hazırlığının genişləndirilməsi və peşə təhsilində maliyyələşmə mexanizminin təkmilləşdirilməsidir.