"Son zəng" ərəfəsində mühüm xəbərdarlıq

"Son zəng" ərəfəsində mühüm

Azərbaycanda təhsil müəssisələrində keçiriləcək "Son zəng" və Məzun Günü tədbirləri ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Fövqəladə Hallar Nazirliyi (FHN) məzunlara, onların valideynlərinə, eləcə də bütün sürücülərə birgə çağırış edib. Qurumlar bayram coşqusunun faciəyə çevrilməməsi üçün təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının vacibliyini xatırladıblar.

Əvvəlki illərdə azyaşlı məzunların valideynlərinə və ya qohumlarına məxsus avtomobilləri qaçıraraq idarə etməsi nəticəsində ağır və faciəvi yol qəzaları qeydə alınıb. Sürücülük vəsiqəsi olmayan şəxslərin sükan arxasına əyləşməsi yolverilməzdir. Valideynlərin və ya yaxınların avtomobili idarəetmə hüququ olmayan yeniyetmələrə könüllü şəkildə verməsi qəti qadağandır və hüquqi məsuliyyət yaradır.

Elektrik skuterlərini idarə edərkən qanunla müəyyən edilmiş yaş məhdudiyyətlərinə, moped və motosikletlərdən istifadə zamanı isə müvafiq kateqoriyalı sürücülük vəsiqəsinin olması tələbinə mütləq əməl edilməlidir.

Maşın icarəsi ilə məşğul olan şirkətlər və fiziki şəxslər bayram günü qazanc naminə nəqliyyat vasitələrini azyaşlılara və ya vəsiqəsi olmayan gənclərə verməməli, ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər.

Məktəblərin və kütləvi tədbir məkanlarının ətrafında nizamsız parklanma qətiyyən edilməməlidir. Sürücülər yanğınsöndürmə, xilasedici və təcili tibbi yardım avtomobillərinin hərəkətinə maneəsiz şərait yaratmalıdırlar.

Nizamsız və qanunsuz parklanma fövqəladə hallar zamanı xüsusi təyinatlı operativ texnikanın hadisə yerinə vaxtında çatmasını əngəlləyir və insan həyatını birbaşa təhlükəyə atır.

Dövlət qurumları valideynləri bu xüsusi gündə övladları üzərində nəzarəti maksimum dərəcədə gücləndirməyə və onların həyatını təhlükəyə atacaq addımlardan çəkindirməyə çağırır.