Sürücülər üçün müjdə ola biləcək təklif: cərimə balı limiti 30-a qaldırıla bilər

Sürücülər üçün müjdə ola biləcək təklif: cərimə balı limiti

Milli Məclisin deputatı Kamal Cəfərov ölkədə fəaliyyət göstərən taksi sürücüləri və ümumilikdə bütün sürücülər üçün idarəetmə hüququnun məhdudlaşdırılması mexanizminin yumşaldılmasını nəzərdə tutan mühüm qanunvericilik təşəbbüsü ilə çıxış edib.

Deputatın fikrincə, son illərdə tətbiq edilən yeni qaydalar sürücülərin məsuliyyət zonasını və cərimələnmə riskini kəskin şəkildə artırıb, bu isə mövcud limitlərin yenidən nəzərdən keçirilməsini zəruri edir.

Kamal Cəfərov qeyd edib ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsi 1 mart 2016-cı ildə qüvvəyə minərkən mövcud olan yol hərəkəti reallıqları ilə indiki vəziyyət arasında böyük fərq var.

2016-cı ildə tətbiq edilən 20 ballıq limit ümumi balların 37%-ni təşkil etdiyi üçün balanslı hesab olunurdu. Lakin bu gün yeni mikromobillik qaydaları və digər islahatlar nəticəsində ümumi cərimə ballarının sayı 91-ə çatsa da, limitin hələ də 20 balda qalması sürücülərin tez bir zamanda (cəmi 22% nisbətlə) 6 aylıq məhrumetmə cəzası almasına səbəb olur.

Mövcud qaydaların müasir reallıqlara və nəqliyyat sistemindəki sıxlığa uyğunlaşdırılması üçün Milli Məclisə iki əsas alternativ həll variantı təklif olunub:

  • Variat A: Sürücülük hüququnun 6 ay müddətinə məhdudlaşdırılması üçün əsas olan illik cərimə balı limitinin 20-dən 30 bala qaldırılması.

  • Variant B: İctimai təhlükəlilik dərəcəsi daha az olan, xırda qayda pozuntularının ümumiyyətlə bal sistemindən çıxarılması və onlara yalnız maliyyə cərimələrinin tətbiq edilməsi.

Deputatın fikrincə, bu iki variantdan birinin qəbul edilməsi sürücülər üçün daha balanslı və ədalətli məsuliyyət mexanizminin formalaşdırılmasına kömək edəcək. Xüsusilə günün böyük hissəsini sükkan arxasında keçirən peşəkar və taksi sürücülərinin kütləvi şəkildə sürücülük hüququndan məhrum olmasının və bunun yaratdığı sosial-iqtisadi çətinliklərin qarşısı alına bilər.