“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib

“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində dövlət qulluqçularının peşəkar bacarıqlarının artırılması istiqamətində növbəti təlim təşkil olunub.

13–14 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında keçirilən “Ünsiyyət bacarıqlarının inkişafı” adlı təlimə mərkəzi icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçuları qatılıblar. Təlim təlimçi Tural İsgəndərov tərəfindən aparılıb.

Təlim proqramı çərçivəsində iştirakçılara ünsiyyət bacarıqlarının dövlət idarəçiliyində rolu, Şennon–Viver kommunikasiya modeli, ünsiyyət növləri, inandırıcı kommunikasiya, auditoriya təhlili, kommunikasiyaya açıqlıq, insanların davranışına təsir mexanizmləri, məlumatın qəbul edilmə xüsusiyyətləri, eləcə də görüşlər zamanı yönləndirici ünsiyyət metodları barədə həm nəzəri, həm də praktiki biliklər təqdim olunub.

İnteraktiv formatda keçirilən təlim zamanı iştirakçılar müxtəlif praktiki tapşırıqlar və müzakirələr vasitəsilə əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və ünsiyyət bacarıqlarının dövlət xidmətində səmərəli fəaliyyət baxımından əhəmiyyəti bir daha vurğulanıb.