Almaniyanın avtomobil nəhəngi "Volkswagen" artan rəqabət və xərclərin azaldılması strategiyası çərçivəsində daha təxminən 50 min iş yerini ixtisar etməyi nəzərdən keçirir. Bu barədə şirkətin baş icraçı direktoru (CEO) Oliver Blüme əməkdaşlara ünvanladığı və "Reuters" agentliyinin əldə etdiyi daxili memorandumda məlumat verib.
Sənədə əsasən, mümkün yeni ixtisarlar qrup üzrə daha əvvəl razılaşdırılmış 50 min nəfərlik işçi sayının azaldılması planına əlavə oluna bilər. Buraya "Porsche", "Audi" və digər struktur bölmələrində nəzərdə tutulan optimallaşdırmalar da daxildir.
Oliver Blüme bildirib ki, hazırda "Volkswagen" istehsal və əməliyyat xərcləri baxımından əsas rəqiblərindən təxminən 20 faiz geri qalır. Onun sözlərinə görə, bu fərqin aradan qaldırılması nəzəri hesablamalara əsasən qlobal miqyasda əlavə 50 min ştat vahidinin ixtisarına bərabər ola bilər.
"Hazırda bütün brendlər, şirkətlər və regionlar üzrə hansı həcmdə optimallaşdırmanın real və həyata keçirilə bilən olduğunu qiymətləndiririk", – deyə Blüme memorandumda qeyd edib.
Yeni plan şirkətin ötən həftə model çeşidini təxminən iki dəfə azaltmaq və istehsal güclərini bazar tələbinə uyğun optimallaşdırmaq niyyətini açıqlamasından sonra gündəmə gəlib. "Volkswagen" xüsusilə Çin bazarında güclənən qiymət rəqabəti və Çin avtomobil istehsalçılarının Avropada sürətlə artan mövqeyi fonunda fəaliyyət xərclərini azaltmağa çalışır.
Model sırasının ixtisarı şirkətin Müşahidə Şurasına təqdim etdiyi genişmiqyaslı restrukturizasiya proqramının əsas istiqamətlərindən biri hesab olunur. Strategiya çərçivəsində istehsal güclərinin mövcud bazar tələbinə uyğunlaşdırılması və daha yüksək gəlirlilik vəd edən bazar seqmentlərinə üstünlük verilməsi planlaşdırılır.
Şura iclasından sonra çıxış edən Oliver Blüme bildirib ki, son bir il ərzində qlobal biznes mühiti daha da mürəkkəbləşib və bu, şirkətin əlavə struktur islahatları həyata keçirməsini zəruri edir.
Hazırkı təşəbbüs "Volkswagen" ilə həmkarlar ittifaqı arasında təxminən 18 ay əvvəl əldə olunmuş razılaşmanın davamı kimi qiymətləndirilir. Həmin razılaşmaya əsasən, Almaniyada zavodların bağlanmaması şərti ilə onilliyin sonunadək milyardlarla avro qənaət edilməsi və 35 min iş yerinin ixtisarı planlaşdırılmışdı.
Bundan əlavə, "Audi", "Porsche" və qrupun proqram təminatı bölməsi olan "Cariad" üzrə ayrıca proqram çərçivəsində daha 15 min iş yerinin ləğvi nəzərdə tutulur.
Şirkət daha əvvəl həyata keçirdiyi optimallaşdırma tədbirləri nəticəsində cari ilin ilk rübündə inzibati və qaimə xərclərini təxminən 1 milyard avro azaltmağa nail olub. Bununla belə, rəhbərlik hesab edir ki, rəqabət qabiliyyətinin artırılması üçün əlavə qənaət tədbirlərinə ehtiyac qalır.
Bu tədbirlər istehsal xərclərinin daha da aşağı salınmasını, inzibati idarəetmənin optimallaşdırılmasını, eləcə də texnoloji inkişaf və qərarların qəbul edilməsi prosesinin sürətləndirilməsini əhatə edir.
MONETAR.AZ