2026-cı ildə yaşamaq üçün ən yaxşı ölkələrin reytinqi açıqlanıb. Siyahının ilk pilləsində Estoniya qərarlaşıb, ABŞ isə 184 ölkə arasında 107-ci yerdə yer alıb.
Monetar.az xəbər verir ki, Rumavi məlumatları əsasında hazırlanan reytinqdə ölkələr maliyyə və vergi, yaşayış və sağlamlıq, təhlükəsizlik və sabitlik, eləcə də məskunlaşma və imkanlar üzrə 24 göstərici əsasında qiymətləndirilib.
Estoniya 72,8 balla dünyanın yaşamaq üçün ən yaxşı ölkəsi seçilib. Sinqapur 72,6 balla ikinci, Malayziya isə 72 balla üçüncü yerdə qərarlaşıb.
İlk beşlikdə həmçinin Portuqaliya və Tayvan (Çin) yer alıb. Portuqaliya 71,6 balla dördüncü, Tayvan isə 71,4 balla beşinci olub.
Litva 71 balla altıncı, Honq Konq 71 balla yeddinci, Sent-Kits və Nevis 70,3 balla səkkizinci, Çexiya 69,9 balla doqquzuncu, Malta isə 69,8 balla onuncu sırada qərarlaşıb.
Reytinqdə Avropa ölkələri üstünlük təşkil edir. Dünyanın ən yaxşı 20 ölkəsinin yarısı Avropanın payına düşür. Litva, Latviya, Bolqarıstan və Kipr də ilk 20-likdə yer alan ölkələr arasındadır.
Asiya ölkələri də reytinqdə yüksək mövqelərlə diqqət çəkir. Sinqapur, Malayziya, Tayvan, Honq Konq, Bruney və Yaponiya ilk 20-likdə qərarlaşıb.
Reytinqin digər ucunda isə əsasən Afrika ölkələri yer alıb. Dünyanın ən aşağı nəticə göstərən 20 ölkəsindən 13-ü Afrikadadır.
Əfqanıstan 39,5 balla sonuncu, Yəmən isə 41,4 balla sondan ikinci olub. Cənubi Sudan 42,3 balla Afrikada ən aşağı nəticə göstərən ölkə kimi qeydə alınıb.
ABŞ-ın 107-ci yerdə qərarlaşması da reytinqin diqqətçəkən nəticələrindən biridir. ABŞ 60 balla Kanada, Böyük Britaniya, Hindistan və Braziliya kimi ölkələrdən geridə qalıb.
ABŞ təhsil, biznes imkanları və sahibkarlıq üzrə yüksək göstəricilərə malik olsa da, yaşayış xərcləri, sağlamlıq, təhlükəsizlik və sabitlik üzrə daha zəif nəticələr ölkənin ümumi mövqeyinə təsir edib.