İntensiv kökəltmə təsərrüfatlarının inkişafı və heyvanların daha yüksək çəkidə kəsiminin təşviqi məqsədilə diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kiloqram diri çəkiyə 0,40 manat məhsul subsidiyası veriləcək.
Monetar.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Subsidiyanın ödənilməsi üçün heyvanın EKTİS-də bəyan edilməsi, ölkə ərazisində doğulması və ya ən azı 6 ay ərzində ölkə daxilində kökəldilməsi, identifikasiya olunması və sığortalanması, həmçinin qeydiyyatda olan kəsim məntəqəsində kəsilməsi tələb olunacaq.
Dəri və yun xammalının emala cəlb edilməsinin təşviqi məqsədilə emal müəssisələrinə təhvil verilən iribuynuzlu heyvan dərisinə 3 manat/ədəd, xırdabuynuzlu heyvan dərisinə 0,30 manat/ədəd, yuna isə 0,30 manat/kq məhsul subsidiyası tətbiq ediləcək.