Yüksək əlavə dəyər və ixrac potensialına malik yeni bitkilərin becərilməsinin təşviqi məqsədilə bağçılıq subsidiyalarının əhatə dairəsi genişləndirilib.
Subsidiya Şurasının qərarına əsasən, aroniya bağlarının salınmasına görə birdəfəlik 7 500 manat/ha, açıq sahədə efir yağı istehsalı məqsədilə qızılgül əkini üçün isə 6 000 manat/ha subsidiya veriləcək.
Monetar.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Kiçik, yaxud butik şərabçılığın inkişafı da yeni dövlət dəstəyi istiqamətlərindən biri olacaq. Bu çərçivədə yerli üzüm sortlarından premium şərab istehsalı, aqroturizmin inkişafı və ixracyönümlü mikrobrendlərin yaradılması təşviq ediləcək.
Yeni model çərçivəsində 5–20 hektar sahədə salınan superintensiv üzüm bağlarına 20 000 manat/ha, intensiv üzüm bağlarına isə 10 000 manat/ha bağçılıq subsidiyası nəzərdə tutulur.
2030-cu ilədək 20 yeni butik şərab evinin yaradılması hədəflənir.