Buğda ucuzlaşır: Çin ABŞ ilə 17 milyard dollarlıq razılaşmanı təsdiqləmədi

Buğda ucuzlaşır: Çin ABŞ ilə 17 milyard dollarlıq

Qlobal kənd təsərrüfatı bazarlarında Ağ Ev ilə Pekin arasındakı ziddiyyətli bəyanatların yaratdığı dalğalanma davam edir. Bloomberg agentliyinin məlumatına görə, Çin tərəfinin Tramp administrasiyasının elan etdiyi milyardlarla dollarlıq aqrar alış həcmini rəsmən təsdiqləməməsi fyuçers bazarlarında əhval-ruhiyyəni pisləşdirib. Nəticədə, etalon buğda müqavilələri son iki ticarət sessiyasında təxminən 5% bahalaşdıqdan sonra yenidən 1%-ədək ucuzlaşıb. ABŞ-ın xüsusilə sərt qırmızı payızlıq buğda növlərində qiymət enişi daha kəskin olub; soya və qarğıdalı fyuçersləri də günü itkilərlə başa vurub.

Bazar ertəsi Ağ Ev elan etmişdi ki, Donald Tramp ilə Si Cinpin arasındakı danışıqların nəticəsi olaraq Çin 2028-ci ilə qədər hər il əlavə 17 milyard dollarlıq ABŞ aqrar məhsulu almağa razılaşıb. Lakin çərşənbə günü Çinin Ticarət Nazirliyi ticarətin genişləndirilməsi üzrə müəyyən bir "istiqamətləndirici göstərici" barədə razılığın olduğunu desə də, ABŞ hökumətinin bəyan etdiyi 17 milyard dollarlıq konkret rəqəmə ümumiyyətlə toxunmayıb və bunu rəsmən təsdiqləməyib.

Cornucopia Agri Analytics şirkətinin analitiki Tobin Qori bildirib ki, Çin hökuməti bu məbləği rəsmi şəkildə təsdiqləmədiyi üçün ticarət mübahisələri ilə bağlı narahatlıqlar bazara təzyiq göstərməkdə davam edir. Ekspertin sözlərinə görə, "bunu alacağıq, onu alacağıq" tipli şifahi vədlər bazara qısamüddətli dəstək yaratsa da, investorlar artıq bəyanat yox, real və hüquqi addımlar görmək istəyirlər.

MONETAR.AZ