Dünyada ən çox gölə sahib olan ölkələr

 Dünyada ən çox gölə

Dünyada ən çox gölə sahib ölkələrin siyahısı açıqlanıb. Kanada 879 min 763 göllə ilk sırada qərarlaşıb və bu göstərici ilə digər ölkələri böyük fərqlə geridə qoyub.

 Monetar.az xəbər verir ki HydroLAKES məlumatları əsasında hazırlanan reytinqdə sahəsi ən azı 0,1 kvadrat kilometr olan göllər nəzərə alınıb. Su anbarları və tənzimlənən göllər isə hesablamaya daxil edilməyib.

 Kanadada qeydə alınan göllərin sayı 879 min 763 təşkil edir. Bu, reytinqdə nəzərə alınan ümumi 1 milyon 420 min 891 gölün təxminən 62 faizinə bərabərdir.

 Rusiya 201 min 240 göllə ikinci yerdə qərarlaşıb. ABŞ 102 min 519 göllə üçüncü, Çin isə 23 min 751 göllə dördüncü olub.

 İlk beşliyi 22 min 576 göllə İsveç tamamlayıb. Braziliya 20 min 936, Norveç 20 min 6, Argentina 13 min 612, Qazaxıstan 12 min 429, Avstraliya isə 11 min 437 göllə ilk 10-luqda yer alıb.

 Kanada, Rusiya və ABŞ birlikdə dünya üzrə reytinqə daxil edilən göllərin 83 faizindən çoxuna sahibdir.

 Maraqlıdır ki, göllərin sayı onların ümumi sahəsi ilə eyni mənzərəni yaratmır. Kanadadakı göllərin ümumi sahəsi təxminən 313 min 800 kvadrat mil olduğu halda, Rusiyada bu göstərici 240 min 400 kvadrat mildir.

 Reytinqə görə, Kanadada göllərin çoxluğu ölkənin şimalında qədim buzlaqların yaratdığı coğrafi quruluşla əlaqələndirilir. Buzlaqların geri çəkilməsi nəticəsində yaranan çökəkliklər zamanla su ilə dolaraq çoxsaylı göllərin formalaşmasına şərait yaradıb.

 Rusiya isə göllərin sayından əlavə, dünyanın ən diqqətçəkən su hövzələrindən biri olan Baykal gölünə də sahibdir. Baykal dünyanın ən dərin gölü hesab olunur və planetdəki donmamış şirin su ehtiyatlarının təxminən 20 faizini özündə saxlayır.