Kənd təsərrüfatına dövlət dəstəyi ildən-ilə genişlənir, büdcə vəsaitlərinin icrası yüksək olaraq qalır. Lakin 2025-ci ilin nəticələri göstərir ki, aqrar sektorda əsas sual artıq ayrılan vəsaitin həcmi deyil, həmin vəsaitin real nəticəyə çevrilmə səviyyəsidir.
Maliyyə Nazirliyinin məlumatına görə 2025-ci ildə “Kənd təsərrüfatı” sektoru üzrə nəzərdə tutulan 1,16 milyard manat vəsaitin 1,12 milyard manatı istifadə edilib. Maliyyə icrası yüksək olsa da, nəticə göstəricilərinin icrası 86,8 faiz təşkil edib. Daha diqqətçəkən məqam isə planlaşdırılan nəticələrlə faktiki göstəricilər arasındakı kənarlaşmaların artmasıdır. 2024-cü ildə 4 faizdən artıq kənarlaşma 50 nəticə göstəricisi üzrə qeydə alındığı halda, 2025-ci ildə bu rəqəm 102-yə çatıb. Başqa sözlə, belə göstəricilərin sayı bir il ərzində 52 vahid və ya 104 faiz artıb. Tədbirlər üzrə də oxşar mənzərə yaranıb. 2024-cü ildə 14 tədbir üzrə 4 faizdən artıq kənarlaşma olduğu halda, 2025-ci ildə bu rəqəm 20-yə yüksəlib.
Subsidiyalar artır, istehsal isə həmişə eyni templə yüksəlmir
Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, məhsuldarlığın artırılması və fermerlərin risklərinin azaldılması məqsədilə geniş subsidiya mexanizmi tətbiq olunur. 2020-ci ildən yeni subsidiya mexanizminin tətbiqi ilə dövlət dəstəyinin daha nəticəyönümlü olması hədəflənib. Lakin ayrı-ayrı bitkiçilik sahələri üzrə subsidiya əmsallarının artırılması bütün hallarda istehsalın eyni nisbətdə yüksəlməsi ilə nəticələnməyib.
Bəzi məhsullar üzrə isə əksinə, istehsal göstəricilərində azalma qeydə alınıb. Bu isə mühüm sual doğurur: dövlət dəstəyinin həcmi ilə onun yaratdığı iqtisadi nəticə arasında əlaqə nə qədər güclüdür?
Təbii ki, kənd təsərrüfatında istehsal yalnız subsidiyadan asılı deyil. İqlim şəraiti, su təminatı, əkin sahələrinin strukturu, gübrə və yanacaq xərcləri, əməkhaqqı, logistika və bazar qiymətləri də nəticələrə ciddi təsir göstərir. Lakin məhz bu amillər nəzərə alınmaqla subsidiyaların nəticəliliyinin daha dəqiq ölçülməsi zərurəti yaranır.
Heyvandarlıqda narahatedici dinamika
Aqrar sektorda ən çox diqqət tələb edən istiqamətlərdən biri heyvandarlıqdır. Sağlam buzov və balaqlara görə subsidiyaların verilməsi, damazlıq heyvanların alınmasına dövlət dəstəyinin göstərilməsi fonunda ölkədə heyvan sayının azalması diqqətdən yayınmır.
Rəsmi göstəricilərə əsasən, iribuynuzlu mal-qaranın sayı 2023-cü ilin sonunda 2 milyon 508 min baş olduğu halda, 2024-cü ilin sonunda 2 milyon 460 min, 2025-ci ilin sonunda isə 2 milyon 436 min başa enib. Qoyun və keçilərin sayı da azalıb. 2023-cü ildə 7 milyon 61 min baş olan bu heyvanların sayı 2024-cü ildə 6 milyon 850 min, 2025-ci ildə isə 6 milyon 758 min baş təşkil edib.
Beləliklə, həm iribuynuzlu mal-qaranın, həm də qoyun-keçilərin sayında ardıcıl azalma müşahidə olunur. Bu tendensiya yem bazası, otlaq sahələri, su təminatı, istehsal xərcləri, iqlim dəyişiklikləri və təsərrüfatların rentabelliyi kimi məsələlərin daha ciddi araşdırılmasını tələb edir. Çünki heyvan sayının azalması uzunmüddətli perspektivdə ət və süd istehsalına, nəticədə isə ərzaq təhlükəsizliyinə təsir göstərə bilər.
Bütün göstəricilər mənfi deyil
Bununla belə, kənd təsərrüfatının mənzərəsi yalnız mənfi rəqəmlərdən ibarət deyil. 2020–2024-cü illərdə bir sıra əsas məhsullar üzrə adambaşına istehsalda artım müşahidə olunub. Ət və ət məhsulları üzrə adambaşına istehsal 2020-ci ildə 35 kiloqramdan 2024-cü ildə 38 kiloqrama yüksəlib. Süd və süd məhsullarında göstərici 220 kiloqramdan 225 kiloqrama, meyvə və giləmeyvədə isə 114 kiloqramdan 129 kiloqrama çatıb.
Yumurta istehsalında da nəzərəçarpan artım var. 2020-ci ildə adambaşına 191 ədəd olan istehsal 2024-cü ildə 226 ədədə yüksəlib. Xüsusilə yumurta istehsalında 2021-ci ildəki 184 ədəddən sonrakı sürətli artım diqqət çəkir.
İstehsal artır, amma istehlak da dəyişir
Ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi zamanı yalnız istehsala baxmaq kifayət deyil. Əhalinin faktiki istehlakı da nəzərə alınmalıdır. 2020–2024-cü illərdə adambaşına ət və ət məhsullarının istehlakı 41 kiloqramdan 45 kiloqrama, yumurta istehlakı isə 175 ədəddən 195 ədədə yüksəlib. Süd və süd məhsullarında isə istehlak 258 kiloqramdan 257 kiloqrama dəyişib.
Digər tərəfdən, buğda və taxıl məhsullarının istehlakında ardıcıl azalma qeydə alınıb. Buğda istehlakı 2020-ci ildəki 161 kiloqramdan 2024-cü ildə 147 kiloqrama, taxıl məhsullarının istehlakı isə 193 kiloqramdan 146 kiloqrama enib. Meyvə və giləmeyvə istehlakında da illər üzrə dəyişkən dinamika müşahidə olunur.
Özünütəminetmə: bəzi sahələrdə imkan, bəzilərində risk
Adambaşına daxili istehsalın faktiki istehlaka nisbəti məhsullar üzrə fərqli mənzərə yaradır. Ət və süd məhsulları üzrə özünütəminetmə göstəricilərinin 100 faizdən aşağı olması daxili istehsalın tələbatı tam qarşılamaq üçün kifayət etmədiyini göstərir. Bu baxımdan heyvandarlıqda məhsuldarlığın artırılması, damazlıq bazasının gücləndirilməsi, yem təminatının yaxşılaşdırılması və baytarlıq xidmətlərinin inkişafı xüsusi əhəmiyyət daşıyır.
Burada mühüm məqam yalnız heyvanların sayını artırmaq deyil, bir heyvandan əldə olunan məhsulun həcmini yüksəltməkdir. Müasir genetika, keyfiyyətli yem, baytarlıq xidməti və intensiv istehsal texnologiyaları bu baxımdan həlledici rol oynaya bilər.
Artıq istehsal varsa, növbəti hədəf ixrac olmalıdır
Digər tərəfdən, bəzi məhsullar üzrə daxili istehsal faktiki istehlakı əhəmiyyətli dərəcədə üstələyir. Bu, Azərbaycan üçün mühüm ixrac potensialının olduğunu göstərir. Lakin artıq məhsulun istehsal edilməsi hələ onun avtomatik olaraq ixrac gəlirinə çevrilməsi demək deyil.
Bunun üçün məhsulun emalı, qablaşdırılması, saxlanması və logistikasından tutmuş beynəlxalq standartlara uyğunlaşdırılmasına qədər bütöv bir zəncirin formalaşdırılması lazımdır. Xüsusilə meyvəçilik, tərəvəzçilik, fındıqçılıq, pambıqçılıq və digər rəqabət üstünlüyü olan sahələrdə xammal ixracından daha yüksək əlavə dəyər yaradan emal olunmuş məhsulların ixracına keçid mühüm imkanlar aça bilər.
Subsidiyanın özü yox, yaratdığı nəticə əsas meyar olmalıdır
2025-ci ilin göstəriciləri aqrar siyasətdə yeni yanaşmaya ehtiyac olduğunu göstərir. Dövlət dəstəyinin əsas göstəricisi yalnız nə qədər vəsaitin ayrılması və ya nə qədər subsidiyanın ödənilməsi olmamalıdır. Əsas sual belə qoyulmalıdır: Dövlətin ayırdığı hər 1 manat subsidiya nə qədər əlavə məhsul, məhsuldarlıq, fermer gəliri, özünütəminetmə və ya ixrac yaratdı?
Bu yanaşma subsidiya siyasətinin xərcyönümlü modeldən nəticəyönümlü modelə keçirilməsinə imkan verə bilər. Bu baxımdan subsidiyaların müəyyən hissəsinin şərti və ya müvəqqəti xarakter daşıması, əvvəlcədən müəyyənləşdirilmiş məhsuldarlıq və digər nəticə göstəricilərinin subsidiyanın ödənilməsi ilə əlaqələndirilməsi müzakirə edilə biləcək modellərdəndir.
Strateji məhsullar diqqət mərkəzində qalmalıdır
Ərzaq təhlükəsizliyi baxımından buğda, ət, süd, balıq və bitki yağları kimi strateji məhsullar xüsusi əhəmiyyət daşıyır. Bu sahələrdə yalnız istehsal həcminin deyil, məhsuldarlığın artırılması, su və torpaq resurslarından səmərəli istifadə, müasir texnologiyaların tətbiqi və fermerlərin maliyyə imkanlarının genişləndirilməsi vacibdir.
Xüsusilə iqlim dəyişiklikləri və su ehtiyatlarının məhdudluğu fonunda müasir suvarma sistemlərinin genişləndirilməsi, torpaqların aqrokimyəvi xüsusiyyətlərinə uyğun əkin strukturunun formalaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi qarşıdakı illərdə daha böyük əhəmiyyət kəsb edəcək.
2025-ci ilin monitorinq nəticələri göstərir ki, Azərbaycan kənd təsərrüfatında mühüm istehsal potensialına malikdir. Adambaşına istehsalın bir sıra məhsullar üzrə artması, bəzi sahələrdə yüksək özünütəminetmə və ixrac imkanlarının mövcudluğu bunun göstəricisidir. Lakin digər tərəfdən heyvan sayının azalması, bəzi strateji məhsullar üzrə daxili istehsalın tələbatı tam ödəməməsi və dövlət dəstəyi ilə faktiki nəticələr arasında yaranan fərqlər diqqətdən kənarda qala bilməz.
Bu səbəbdən aqrar siyasətin növbəti mərhələsində əsas hədəf sadəcə daha çox vəsait xərcləmək deyil, hər manat dövlət dəstəyinin daha çox nəticə yaratmasını təmin etmək olmalıdır.
Monetar.az