Avropada təbii qazın qiyməti bu qış tədarük balansı ilə bağlı narahatlıqlar və Yaxın Şərqdəki münaqişə ətrafında qeyri-müəyyənlik səbəbindən 2022-ci ildən bəri ilk dəfə bir meqavat-saat (MWh) üçün 97 avronu ötüb. “Bloomberg”in məlumatına görə, qiymət artımına soyuq hava gözləntiləri və qlobal bazarda tədarükün məhdudlaşması da təsir göstərir.
Etalon qaz fyuçersləri ötən həftə başlayan yüksəlişini davam etdirərək bazar ertəsi ticarətin əvvəlində 3,5%-dək bahalaşıb. Avropada gözlənilən soyuq hava dalğasının istilik tələbatını artıracağı proqnozlaşdırılır. Bu vəziyyət məhdud qlobal təklif fonunda Avropa ilə Asiya kimi iri alıcılar arasında tədarük uğrunda rəqabəti gücləndirir.
Avropada qazın qiyməti hazırda Yaxın Şərqdə münaqişə başlamazdan əvvəlki səviyyədən təxminən üç dəfə yüksəkdir. Avropa İttifaqında qaz anbarlarının doluluq səviyyəsi isə 75%-dən aşağıdır ki, bu da ilin həmin dövrü üçün adi göstəricidən azdır.
“ING” analitiklərinin qiymətləndirməsinə görə, Fars körfəzindən sıxılmış təbii qaz (STQ) tədarükü şimal yarımkürəsində qış mövsümünün böyük hissəsində məhdud qala bilər.
“Timera Energy” konsaltinq şirkəti qışın sonuna doğru qiymətlərdə kəskin sıçrayış riskinə diqqət çəkib. Şirkətin qiymətləndirməsinə əsasən, Avropa qış mövsümünə adi illərlə müqayisədə daha az ehtiyatla daxil olub, Asiyada isə tələbatı azaltmaq imkanları xeyli məhdudlaşıb.
“Goldman Sachs” analitikləri isə Yaxın Şərqdən STQ ixracının 2027-ci ilə qədər yalnız tədricən bərpa olunacağı halda, Asiyada tələbatı məhdudlaşdırmaq üçün Avropada qazın qiymətinin bir meqavat-saat üçün 100 avronu keçməli ola biləcəyini bildiriblər.
Avropada qiymətlər yüksəldiyi halda, ABŞ-da təbii qaz fyuçersləri bir milyon Britaniya istilik vahidi (MMBtu) üçün 3 dollar ətrafında ticarət olunur.
“WarrenAI 2.0” analitik modelinin oktyabrın 26-da Moskva vaxtı ilə saat 11:18-ə olan texniki qiymətləndirməsinə əsasən, dekabr fyuçersləri bir milyon BTU üçün 3,02 dollar səviyyəsində olub. Gündəlik azalma 0,95% təşkil edib.
Modelin təhlilinə görə, gündəlik qrafikdə eniş tendensiyası üstünlük təşkil etsə də, qiymət texniki dəstək zonasına yaxınlaşıb. Bu vəziyyət qiymətdə qısamüddətli əks istiqamətli yüksəliş ehtimalını gündəmə gətirir.
MONETAR.AZ