Pərakəndə və alkoqol bazarında ənənəvi satış modelini son bazar təhlillərinə görə, distribütorlar vasitəsilə həyata keçirilən alkoqol dövriyyəsi təxminən 30 faiz azalıb. Əsas səbəb iri market şəbəkələrinin tədarük zəncirində vasitəçi rolunu getdikcə azaltması və məhsulları birbaşa istehsalçılardan almağa üstünlük verməsidir.
Bu tendensiya Azərbaycanda da pərakəndə bazarın gələcək strukturu ilə bağlı mühüm siqnallar verir. İri market şəbəkələrinin həm Bakı, həm də regionlarda genişlənməsi ənənəvi məhəllə dükanlarının bazardakı payını azaldır. Bu isə həmin mağazalara məhsul çatdıran xırda və orta distribütorların fəaliyyətinə birbaşa təsir göstərir.
Bazarın dəyişməsində əsas amillərdən biri istehlakçıların qiymətə həssaslığının artmasıdır. İnflyasiya və alıcılıq qabiliyyətindəki dəyişikliklər fonunda istehlakçılar hətta 20-50 qəpiklik qiymət fərqinə də diqqət yetirirlər. Böyük market şəbəkələri isə məhsulları iri həcmdə və birbaşa istehsalçıdan aldıqları üçün daha sərfəli qiymət təklif etmək imkanına malikdir.
Digər tərəfdən, distribütorların əsas müştəri bazasını təşkil edən kiçik pərakəndə obyektlərin sayının azalması topdansatış şirkətlərinin satış imkanlarını məhdudlaşdırır. Şəbəkə marketlərinin yaşayış massivlərinə və regionlara doğru genişlənməsi ilə ənənəvi məhəllə dükanlarının bir hissəsi bazardan çəkilir və nəticədə onların təchizatını həyata keçirən distribütorların da dövriyyəsi azalır.
Maliyyələşdirmə xərclərinin yüksək olması da distribütorların vəziyyətini çətinləşdirən amillər sırasındadır. Anbarların saxlanılması, böyük həcmdə məhsul ehtiyatının yaradılması və kredit hesabına fəaliyyət göstərilməsi yüksək faiz mühitində şirkətlərin xərclərini artırır. Bu səbəbdən distribütorlar anbarda uzun müddət böyük həcmdə məhsul saxlamaqdan çəkinməyə başlayırlar.
Sektor üzrə ekspertlərin fikrincə, ənənəvi “istehsalçıdan al, anbarda saxla və kiçik mağazalara payla” modeli əvvəlki effektivliyini itirir. Böyük supermarket və hipermarketlər öz logistika mərkəzlərini formalaşdıraraq əvvəllər distribütorların gördüyü bir sıra funksiyaları öz üzərlərinə götürürlər. Beləliklə, tədarük zəncirində əlavə vasitəçinin aradan qalxması marketlərə daha geniş marja əldə etməyə imkan verir.
Maraqlıdır ki, son istehlakçının alkoqollu içkilərə tələbatı cəmi 0,7 faiz azalıb. Bu göstərici bazardakı kəskin dəyişimin əsas səbəbinin tələbin çökməsi olmadığını göstərir. Başqa sözlə, istehlakçılar məhsul almaqda davam edir, lakin alışların istiqaməti dəyişir: ənənəvi kiçik mağazaların əvəzinə daha geniş çeşid və endirim imkanları təqdim edən şəbəkə marketlərinə üstünlük verilir.
Beləliklə, bazarda əsas dəyişiklik istehlakın həcmindən çox, məhsulun istehsalçıdan son alıcıya çatdırılma modelində baş verir. Bu tendensiyanın davam etməsi ənənəvi distribütorları biznes modellərini yenidən qurmağa, iri pərakəndə şəbəkələrlə inteqrasiya etməyə və ya daha ixtisaslaşmış bazar seqmentlərinə yönəlməyə məcbur edə bilər.
MONETAR.AZ