Bitcoin birja investisiya fondlarına (ETF) kapital axınının yenidən güclənməsi fonunda bahalaşaraq iki həftənin ən yüksək səviyyəsinə yüksəlib. İnstitusional investorların bazara qayıtması kriptovalyutaya tələbi artırsa da, Yaxın Şərqdə geosiyasi gərginliyin dərinləşməsi ümumi yüksəlişi məhdudlaşdıran əsas amillərdən biri olaraq qalır.
Bazar ertəsi müşahidə olunan müsbət dinamika bugün də davam edib. Bakı vaxtı ilə saat 10:00-a olan məlumata əsasən, bitcoinin qiyməti 2,6% artaraq 65 755,4 dollara yüksəlib və bununla da son iki həftənin maksimumunu yeniləyib. Analitiklər ETF-lərə daxilolmaların artmasını institusional investorların risk aktivlərinə marağının bərpa olunmasının əlaməti kimi qiymətləndirirlər.
Bununla yanaşı, ABŞ və İran arasında davam edən qarşıdurma bazarlarda risk iştahasını zəiflətməyə davam edir. Geosiyasi qeyri-müəyyənlik investorların daha ehtiyatlı davranmasına səbəb olduğundan, kriptovalyuta bazarında qiymət artımı məhdud xarakter daşıyır.
Mütəxəssislər qeyd edirlər ki, son yüksəlişə baxmayaraq, bitcoin 2026-cı ilin əvvəlindən etibarən qeydə alınmış kəskin enişləri tam kompensasiya edə bilməyib və bazar hələ də ilin əvvəlində formalaşmış itkilərin təsiri altındadır. ETF-lərə kapital axınının davamlı olması halında isə kriptovalyuta bazarında bərpa meylinin güclənməsi ehtimalı artır.
MONETAR.AZ