Çinin texnologiya şirkəti "Xiaomi Corp" yaddaş çipləri və digər komponentlərin bahalaşmasının yaratdığı təzyiqlərə baxmayaraq, 2026-cı il üzrə smartfon tədarükü hədəfini əhəmiyyətli dərəcədə artırıb. Bu barədə "Jiemian News" nəşri sahə mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Çin bazarında satış həcminə görə beşinci ən böyük smartfon istehsalçısı olan şirkət illik tədarük planını 90 milyon ədəddən 110 milyon ədədə yüksəldib. Bu qərarın arxasında şirkətin yaddaş bazarında qiymət artımının yaxın dövrdə səngiyəcəyi və bazarın tədricən tarazlaşacağı ilə bağlı daxili proqnozları dayanır.
Qeyd olunur ki, "Xiaomi" ilin əvvəlində məhz yaddaş komponentlərinin bahalaşması səbəbindən satış planını aşağı salmışdı. İndi isə şirkət bazar şəraitinin dəyişəcəyini gözlədiyi üçün istehsal həcmini yenidən artırmağa qərar verib.
Eyni zamanda, "Jiemian News" bildirir ki, smartfon istehsalçıları yaddaş istehsalçılarının qiymət artımlarına qarşı daha sərt mövqe tutmağa başlayıblar. Belə ki, "OPPO" və "Vivo" şirkətləri "Samsung" tərəfindən üçüncü rüb üçün təqdim olunan yeni qiymət təkliflərini qəbul etməyiblər.
Son aylarda "Xiaomi", eləcə də "Apple" və "Huawei" kimi aparıcı istehsalçılar yaddaş çiplərinin bahalaşmasının mənfəət marjalarına təzyiq göstərdiyini bildiriblər. Şirkətlər bunu süni intellekt texnologiyalarına artan tələbat fonunda yaddaş çiplərinə olan yüksək ehtiyac və məhdud təkliflə əlaqələndiriblər.
Bununla belə, bazarda artıq qiymət artımının davamlılığı ilə bağlı suallar yaranmağa başlayıb. Analitiklər hesab edirlər ki, yüksək qiymətlər və istehsal məhdudiyyətləri fonunda son istifadəçi tələbinin zəifləməsi yaxın aylarda yaddaş bazarında qiymət dinamikasının dəyişməsinə səbəb ola bilər.
MONETAR.AZ