Çin Yaponiyada nüvə silahları ilə bağlı müzakirələrə sərt reaksiya verib

Çin Yaponiyada nüvə silahları ilə bağlı müzakirələrə

Çin hökuməti Yaponiyanın nüvə silahlarına qarşı "Üç qeyri-nüvə prinsipi"ni yenidən nəzərdən keçirməsi ehtimalını ciddi təxribat kimi qiymətləndirərək, Tokionun nüvə silahları ilə bağlı beynəlxalq öhdəliklərinin müzakirə predmeti olmadığını bəyan edib.

MONETAR.AZ xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien gündəlik mətbuat konfransında bildirib.

Sözçü Yaponiyada "Üç qeyri-nüvə prinsipi"nin qorunması və qanunla təsbit olunmasına dair aparılan müzakirələrə münasibət bildirərək qeyd edib ki, müttəfiq ölkələrə məxsus nüvə silahlarının Yaponiya ərazisində yerləşdirilməsinə imkan verəcək hər hansı dəyişiklik ciddi təxribat sayılacaq.

Lin Cien vurğulayıb ki, belə bir addım İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizama və nüvə silahlarının yayılmasının qarşısının alınması rejiminə zidd olmaqla yanaşı, Yaponiyanın sülh öhdəlikləri və ölkə ictimaiyyətinin ümumi mövqeyi ilə də uyğun gəlmir. Onun sözlərinə görə, Yaponiya belə bir qərarın nəticələrinə görə məsuliyyət daşımalı olacaq.

Çin rəsmisi xatırladıb ki, Yaponiya Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə tərəfdir və nüvə silahlarını qəbul etməmək, istehsal etməmək, əldə etməmək və ötürməmək öhdəlikləri müzakirəyə açıq deyil.

Lin Cien, həmçinin Yaponiyanı yenidən silahlanma və nüvə silahı əldə etmək planlarından tamamilə imtina etməyə, eləcə də "genişləndirilmiş çəkindirmə" sahəsində əməkdaşlığı dayandırmağa çağırıb.

Xatırladaq ki, Yaponiyanın müdafiə naziri Koizumi Şinçiro bir gün əvvəl bəzi Avropa ölkələrinin nüvə çəkindirmə imkanlarını gücləndirdiyini qeyd edərək, Tokionun da nüvə silahları mövzusunun müzakirəsindən yayınmamalı olduğunu bildirmişdi.