Bitcoin 70 min dolların qapısında: Martdan bəri ən güclü yüksəliş

Bitcoin 70 min dolların qapısında:

Bitcoin ABŞ Prezidenti Donald Trampın kriptovalyuta sektoru nümayəndələri ilə Ağ Evdə keçirəcəyi görüş öncəsi artan nikbinlik fonunda 8 faizə qədər bahalaşaraq 69 min 500 dollara yüksəlib.

Monetar.az xəbər verir ki, Bitcoin bununla mart ayından bəri ən sürətli günlük artımını göstərib və son aylarda hərəkət etdiyi qiymət aralığından yuxarı çıxıb.

Bazar dəyərinə görə dünyanın ən böyük kriptovalyutası olan Bitcoin sonuncu dəfə iyunun əvvəlində 69 min 500 dollar səviyyəsinə yaxın qiymətlərlə ticarət olunub.

Bitcoinin bahalaşmasına ABŞ Prezidenti Donald Trampın Coinbase, Payward və Blockchain.com kimi kriptovalyuta şirkətlərinin rəhbərləri ilə görüşəcəyi xəbəri də təsir edib.

Tramp administrasiyasının kriptovalyuta sektorunu dəstəkləyən siyasət yürütməsi investorların gözləntilərini artırıb. Bununla belə, sektor nümayəndələri rəqəmsal aktivlərlə bağlı daha geniş qanunvericiliyin qəbul edilməsini gözləyirlər.

IG platformasının baş texniki analitiki Axel Rudolph bildirib ki, Bitcoinin 70 min dollara doğru yüksəlməsi alıcıların bazara inamının artdığını göstərir. O, növbəti mərhələdə Bitcoinin 75 min dollar səviyyəsinə yüksəlib-yüksəlməyəcəyinin vacib olacağını qeyd edib.

Bitcoinin bahalaşması digər kriptovalyutaların da yüksəlməsinə səbəb olub. Bitcoin eyni zamanda 100 və 200 günlük orta qiymət göstəricilərini də keçib.

Coinglass məlumatlarına görə, Bitcoinin sürətli yüksəlişi nəticəsində bir saat ərzində 1 milyard dollardan çox borcla açılmış ticarət mövqeyi bağlanıb. Son 24 saat ərzində bağlanan belə mövqelərin ümumi dəyəri isə təxminən 1,5 milyard dollar olub.