Brent markalı neftin qiyməti 80 dolları ötüb

Brent markalı neftin qiyməti

ABŞ ilə İran arasında gərginliyin artması və Hörmüz boğazında yaranan risklər fonunda Brent markalı neftin qiyməti 80 dollar həddini keçib.

MONETAR.AZ xəbər verir ki, Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 6 faizdən çox bahalaşaraq bir barel üçün 80,65 dollara yüksəlib. ABŞ-ın WTI markalı xam nefti isə 75,69 dollardan ticarət olunub.

Qiymət artımına ABŞ-ın İranın dəniz infrastrukturuna yönəlmiş hücumlarından sonra Yaxın Şərqdə geosiyasi risklərin kəskin artması səbəb olub. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ilk dəfə hücum təyinatlı kamikadze pilotsuz dəniz vasitələrindən istifadə edərək İranda yerləşən sualtı qayıq və gəmi təmiri obyektinə zərbə endirdiyini açıqlayıb.

Bundan sonra İranın Küveyt, Bəhreyn və İordaniyaya zərbələr endirməsi regionda gərginliyi daha da artırıb.

ABŞ Prezidenti Donald Tramp isə Hörmüz boğazının açıq qalacağını, lakin İrana məxsus gəmilərin və Tehran adından fəaliyyət göstərən qurumların boğaza giriş-çıxışının məhdudlaşdırıldığını bəyan edib.

İran Silahlı Qüvvələrinin "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahı isə ABŞ-ın Hörmüz boğazına müdaxiləsinə imkan verməyəcəklərini açıqlayıb.

Analitiklər hesab edirlər ki, Hörmüz boğazında gərginliyin davam etməsi qlobal enerji bazarında qiymətlərin yüksək səviyyədə qalmasına səbəb ola bilər.