Çin alıcılarının qayıdışı ilə mis həftəlik artıma doğru irəliləyir

Çin alıcılarının qayıdışı ilə mis həftəlik artıma

Çinli alıcıların bayram tətilindən sonra bazara qayıtması və Çilidəki iri mis mədənlərindən birində hasilatın dayanması ehtimalı metalın qiymətini dəstəkləyir. Mis fyuçersləri həftəni artımla başa vurmağa hazırlaşır.

Bakı vaxtı ilə saat 10:24-ə olan məlumata görə, London Metal Birjasında (LME) mis fyuçersləri 0,92% bahalaşaraq bir ton üçün 14 467 dollara yüksəlib. “Comex” birjasında dekabr müqavilələrinin qiyməti isə 1,21% artaraq bir funt üçün 6,6495 dollar təşkil edib.

Həftəlik nəticələrə əsasən, misin təxminən 1,5% bahalaşacağı gözlənilir.

Dünyanın ən böyük mis istehlakçısı olan Çində bayram tətilindən sonra ehtiyatların aşağı səviyyədə qalması qiymətlərə dəstək verən əsas amillərdəndir. Bu vəziyyət yaxın həftələrdə anbar ehtiyatlarının yenidən artırılması üçün tələbatı gücləndirə bilər.

Eyni zamanda, Çində mis idxalına tələbatı əks etdirən göstərici son dörd ilin ən yüksək səviyyəsinə çatıb.

Qiymətlərə təsir göstərən digər amil Çilidəki “Centinela” mis mədənində mümkün istehsal fasilələridir. “Antofagasta” şirkətinə məxsus mədəndəki həmkarlar ittifaqları tətil nəticəsində yaranan fasilələrin iki həftə ərzində hasilata təsir göstərə biləcəyini bildiriblər. Bununla belə, şirkət illik hasilat proqnozunu dəyişməyib.

Xatırladaq ki, ABŞ-ın mümkün gömrük rüsumları ilə bağlı narahatlıqlar fonunda mis qiymətləri ötən ay rekord səviyyəyə yüksəlmişdi. Hazırda kotirovkalar həmin maksimum göstəricilərdən bir qədər aşağı səviyyədə sabitləşir.

MONETAR.AZ