"Geosiyasi risklər davam edərsə, neftin qiyməti 2027-ci ildə 100 dolları ötə bilər"

"Geosiyasi risklər davam edərsə, neftin qiyməti 2027-ci ildə

İtaliyanın enerji nəhəngi "Eni SpA"-nın baş icraçı direktoru Klaudio Deskaltsi hesab edir ki, Yaxın Şərqdə geosiyasi gərginliyin davam etməsi qlobal neft bazarında yeni qiymət sıçrayışına səbəb ola bilər. Onun sözlərinə görə, mövcud risklər reallaşarsa, 2027-ci ilin birinci rübündə neftin bir barrelinin qiyməti 100 ABŞ dollarını keçə bilər.

Deskaltsi "Il Sole 24 Ore" nəşrinə müsahibəsində bildirib ki, hazırda strateji neft ehtiyatlarından bazara əlavə həcmdə xam neft buraxılması qiymətlərin kəskin bahalaşmasının qarşısını alır. Lakin o vurğulayıb ki, bu ehtiyatlar məhduddur və uzun müddət bazarı dəstəkləmək mümkün olmayacaq.

Onun sözlərinə görə, Yaxın Şərqdə davam edən münaqişə inflyasiya risklərini artırmaqla yanaşı, yüksək enerji qiymətləri səbəbindən qlobal iqtisadi aktivliyə və enerji tələbinə də mənfi təsir göstərə bilər.

Bu həftə neft qiymətləri həftə ortasında qeydə alınmış pik səviyyələrdən geri çəkilsə də, ümumilikdə həftəni artımla başa vurub. ABŞ və İran arasında gərginliyin yüksəlməsi, eləcə də Hörmüz boğazında gəmilərə qarşı hücumlar bazarda geosiyasi risk mükafatını yüksək səviyyədə saxlayıb.

Həftənin yekununda Brent markalı neftin fyuçersləri təxminən 5,4 faiz bahalaşaraq bir barel üçün 76 dollar ətrafında qərarlaşıb. WTI markalı neft isə təxminən 4 faiz artaraq 71,4 dollar səviyyəsinə yüksəlib. Bununla belə, cümə günü investorların münaqişənin regional xarakter daşıyacağı və neft tədarükünü ciddi şəkildə pozmayacağı gözləntiləri fonunda qiymətlərdə korreksiya müşahidə olunub.

Deskaltsi hesab edir ki, uzunmüddətli enerji təhlükəsizliyi yalnız strateji dəniz marşrutlarından asılılığın azaldılması ilə təmin oluna bilər. Onun fikrincə, həm enerji mənbələrinin, həm də nəqliyyat marşrutlarının şaxələndirilməsi gələcək geosiyasi risklərin təsirini minimuma endirəcək.

O bildirib ki, İran ətrafında yaranmış gərginlik nəticəsində qlobal neft ehtiyatları tədricən azalır və son aylarda bu proses daha da sürətlənib. Rəhbərin sözlərinə görə, ehtiyatların azalması bazarı gələcək geosiyasi sarsıntılar qarşısında daha həssas vəziyyətə gətirir.

Deskaltsi hökumətləri enerji əməkdaşlığını Şimali Afrika, Saharaaltı Afrika, Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələri ilə genişləndirməyə çağırıb. Onun fikrincə, bu regionlardan tədarükün artırılması qlobal enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verə bilər.

"Eni" rəhbəri qeyd edib ki, şirkətin Yaxın Şərqdəki fəaliyyətinin məhdud olması onun geosiyasi risklərə qarşı dayanıqlığını artırır. Hazırda şirkətin əsas hasilat aktivləri Afrika və Latın Amerikasında yerləşir.

Deskaltsi əlavə edib ki, süni intellekt texnologiyalarının və məlumat emalı (data) mərkəzlərinin sürətlə inkişafı elektrik enerjisinə tələbatı əhəmiyyətli dərəcədə artırır. Onun sözlərinə görə, bu tendensiya etibarlı və diversifikasiya olunmuş enerji təchizatı sistemlərinin formalaşdırılmasını daha da vacib edir.