Qarğıdalı fyuçersləri hava riskləri və geosiyasi gərginliyə görə bahalaşıb

Qarğıdalı fyuçersləri hava riskləri və geosiyasi gərginliyə

Çikaqo Əmtəə Birjasında (CBOT) qarğıdalı fyuçersləri bazar ertəsi ticarətini yüksəlişlə başa vurub. ABŞ-ın əsas əkin bölgələrində gözlənilən əlverişsiz hava şəraiti və Yaxın Şərqdə yenidən artan geosiyasi gərginlik qiymətlərə dəstək verərək kotirovkaları son bir aydan çox müddətin ən yüksək səviyyəsinə çatdırıb.

Ticarətin yekununda sentyabr ayı üzrə qarğıdalı müqaviləsinin qiyməti 1,5 sent artaraq bir buşel üçün 4,41 dollara yüksəlib. Yeni məhsulu əhatə edən dekabr fyuçersləri isə 2,25 sent bahalaşaraq bir buşel üçün 4,63¼ dollar səviyyəsində bağlanıb. Gün ərzində həmin müqavilə 4,69½ dollara qədər yüksələrək iyunun 2-dən bəri ən yüksək göstəricini qeydə alıb.

Meteoroloqların proqnozlarına əsasən, bu həftə ABŞ-ın əsas qarğıdalı istehsal bölgəsi hesab olunan "Corn Belt"in qərb hissəsində isti və əsasən quraq hava şəraitinin davam edəcəyi gözlənilir. Hazırkı proqnozlara görə, analoji hava şəraiti gələn həftə də davam edə bilər.

İyul ayı qarğıdalı istehsalı üçün ən vacib mərhələlərdən biri hesab olunur. Məhz bu dövrdə bitkilərin böyük hissəsi tozlanma mərhələsinə daxil olur və hava şəraiti məhsuldarlığın formalaşmasına birbaşa təsir göstərir. Buna görə də isti və quraq hava proqnozları bazarda qiymət artımı gözləntilərini gücləndirib.

Qarğıdalı bazarına əlavə dəstək enerji sektorundan gəlib. ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi-dəniz blokadasının bərpa edildiyini açıqlamasından sonra neft qiymətləri 8 faizdən çox yüksəlib. Bazar iştirakçıları Hörmüz boğazı vasitəsilə enerji daşıyıcılarının tədarükündə mümkün fasilələrin qlobal enerji bazarına təsir göstərə biləcəyindən ehtiyatlanırlar.

Analitiklər qeyd edirlər ki, qarğıdalı və soya kimi kənd təsərrüfatı məhsullarının qiymətləri çox vaxt neft bazarındakı dəyişikliklərlə paralel hərəkət edir. Bunun əsas səbəbi həmin məhsulların bioyanacaq istehsalında geniş istifadə olunmasıdır. Neft qiymətlərinin yüksəlməsi bioyanacaq istehsalına marağı artırdığından, qarğıdalıya olan tələbat və onun fyuçers qiymətləri də əlavə dəstək qazanır.

MONETAR.AZ