Rusiyada elektromobil və hibrid avtomobillərin satışı 2026-cı ilin ilk 8 ayında kəskin artıb. “Finmarket”in məlumatına görə, yanvar-avqust aylarında bu avtomobillərin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 93,6% artaraq 83 262 ədədə çatıb. Göstəriciyə həm hibrid, həm də tam elektrikli avtomobillər daxildir. Artımın əsas səbəblərindən biri ölkədə yaranan yanacaq böhranı olub. Neft emalı zavodlarına (NEZ) PUA hücumları fonunda yaranan benzin qıtlığı istehlakçıların alternativ nəqliyyat vasitələrinə marağını artırıb.
Maraqlıdır ki, bu artım Rusiyanın ümumi avtomobil bazarındakı geriləmə fonunda baş verir. Avqust ayında yeni minik avtomobillərinin satışı illik müqayisədə 6,4% azalaraq 113 758 ədədə düşüb.
“Reuters”in məlumatına görə, avqustun sonuna Rusiyada benzin istehsalı daxili tələbatın təxminən 70%-i səviyyəsinə qədər geriləyib. Bu göstərici yanacaq böhranının ilk dalğasının pik həddə çatdığı iyulun əvvəlində də qeydə alınmışdı. Buna Perm, Nijni Novqorod və Yaroslavldakı NEZ-lərə PUA hücumları təsir edib. Moskvadakı müstəqil yanacaqdoldurma məntəqələrində avqust ərzində “Ai-92” markalı benzinin qiyməti 11,7 rubl artaraq 96,85 rubl/litrə, “Ai-95” benzininin qiyməti isə 8,2 rubl yüksələrək 100,82 rubl/litrə çatıb. “Rosstat”ın hesablamalarına görə, ilin əvvəlindən benzin və dizel yanacağının qiyməti 18%-dən çox artaraq inflyasiyaya 1,5 faiz bəndi əlavə edib.
“İnterlizinq” Şirkətlər Qrupunun kommersiya direktoru Anton Qureyev bildirib ki, hibrid avtomobillərə tələbatın artmasına əsas təkan bu yay yaşanan benzin qıtlığı olub.
“Hibrid avtomobillərin satışının artmasına katalizator olan amil bu yay yaşanan benzin qıtlığı idi. Yanacaqdoldurma məntəqələrində yaranan növbələr alıcıları ənənəvi daxiliyanma mühərriklərinə alternativ axtarmağa sövq etdi”, – deyə o bildirib.
Qureyevin sözlərinə görə, hibridlər bu vəziyyətdə optimal seçimə çevrilib. Belə avtomobillər şəhər şəraitində elektrik mühərrikindən istifadə hesabına yanacağa qənaət etməyə imkan verir və eyni zamanda tam elektrikli avtomobillərin məhdud yürüş məsafəsi ilə bağlı narahatlığı aradan qaldırır.
Rusiyanın birinci vitse-premyeri Denis Manturovun sözlərinə görə, yanvar-avqust aylarında elektro- və hibrid avtomobillər seqmentində Rusiya istehsalı modellərin payı illik ifadədə 15,5 faiz bəndi artaraq 27%-i ötüb. TASS-a açıqlamasında Manturov satışların ilk 8 ayda 83 min ədədi keçdiyini bildirib.
Analitiklər bazarda bu tendensiyanın davam edəcəyini gözləyirlər. “Avtostat”ın direktoru Sergey Tselikovun proqnozuna görə, 2026-cı ilin yekununda hibrid avtomobillərin ümumi avtomobil bazarındakı payı hazırkı 5%-dən 7–8%-ə yüksələ bilər. Payızın ayrı-ayrı aylarında və ya dekabrda bu göstəricinin 10%-ə çataraq tarixi rekordu yeniləməsi də mümkündür.
“Yanacaq problemlərinin ikinci dalğası başladığı üçün düşünürəm ki, maraq azalmayacaq. İnsanlar hələ də axtarır və baxırlar, lakin münasib qiymət lazımdır. Münasib qiymətə hibrid modellərin sayı isə azdır”, – deyə Tselikov bildirib.
Qureyev də hibrid avtomobillərə tələbatın artmasının 2026-cı ilin sonunadək və 2027-ci ildə davam edəcəyini düşünür. Onun sözlərinə görə, bu artıma dövlət subsidiyaları, güzəştli lizinq imkanları və yanacaq qiymətlərinin daha da yüksəlməsi də təsir göstərə bilər.
MONETAR.AZ