Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% artıb.
Monetar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinə dair məlumatında bildirilir.
Hesabat dövründə xidmətlər üzrə ən yüksək qiymət artımı mərkəzi isitmə xidmətində qeydə alınıb. Belə ki, bu xidmətin qiyməti illik müqayisədə 50% yüksəlib.
Elektrik enerjisi təchizatı xidmətinin qiyməti 10%, ev və məişət xidmətlərinin qiyməti 6,8%, tibbi xidmətlərin qiyməti 6,6%, məişət cihazlarının təmiri xidmətinin qiyməti isə 6% artıb.
Stomatoloji xidmətlər 7,5%, xəstəxana xidmətləri 3,8%, bərbərxana və kosmetoloji xidmətlər 9,3% bahalaşıb.
Restoran və kafelərin yeməklə təmin edilmə xidmətlərinin qiyməti 7,5%, mehmanxana xidmətlərinin qiyməti 3,5% yüksəlib.
Təhsil xidmətlərində də qiymət artımı qeydə alınıb. Ödənişli ali təhsil və səviyyəcə müəyyən edilməyən təhsil haqları 5,2%, ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətləri isə 7,2% bahalaşıb.
Bununla yanaşı, soyuq su təchizatı, zibilin daşınması və kanalizasiya xidmətlərinin qiymətlərində dəyişiklik olmayıb.