Misin qiyməti kəskin enişdən sonra sabitləşib

Misin qiyməti kəskin enişdən sonra

Dünya bazarlarında misin qiymətində kəskin enişdən sonra qismən bərpa müşahidə olunur. London Metal Birjasında (LME) və Comex birjasında metalın fyuçersləri bahalaşsa da, həftəlik və aylıq göstəricilər ciddi ucuzlaşmadan xəbər verir.

LME-də mis fyuçerslərinin qiyməti 0,18% artaraq bir ton üçün 12 598 dollara yüksəlib. Comex birjasında isə qiymət 0,57% bahalaşaraq bir funt üçün 5,6943 dollara çatıb.

Bununla belə, həftə ərzində mis LME-də 7,39%, Comex-də 8,01% ucuzlaşıb. Aylıq geriləmə müvafiq olaraq 12,73% və 13,69% təşkil edib. İlin əvvəlindən bəri isə qiymətlər LME-də 1%, Comex-də 0,31% artım göstərir.

“Bloomberg”in məlumatına görə, LME-də misin qiyməti çərşənbə günü 2025-ci ilin aprelindən bəri ən kəskin gündəlik enişini yaşayaraq təxminən 6% ucuzlaşıb. Bu geriləmə süni intellekt texnologiyalarına investisiyalar və ABŞ-ın gömrük rüsumları ilə bağlı gözləntilər fonunda bazarda yüksəlişə hesablanmış mövqelərin kütləvi şəkildə bağlanması ilə əlaqələndirilir.

Bu gün üçaylıq mis fyuçersləri əvvəlcə 1,7% bahalaşsa da, sonradan artım dayanıb. Noyabr ayında metalın qiyməti təxminən 12% azalıb. Bu eniş nəticəsində nisbi güc indeksi (RSI) bazarda həddindən artıq ucuzlaşmaya işarə edən səviyyənin altına düşüb.

Qiymətlərdəki geriləməyə baxmayaraq, fiziki mis tədarükü bazarında sıxlıq qalmaqdadır. Bu həftə qeydə alınan rekord bazar gərginliyindən sonra Çində ehtiyatların kritik dərəcədə aşağı olduğu bildirilir. Eyni zamanda, spot qiymətlərin fyuçerslərlə müqayisədə yüksək mükafatla satılması fiziki metal tələbinin güclü qaldığını göstərir.

“Natixis” analitikləri daha əvvəl xəbərdarlıq etmişdilər ki, ABŞ-ın mümkün rüsumları ilə bağlı gözləntilər nəticəsində ölkəyə mis axınının artması və süni intellekt sektoruna yönələn investisiyalar bazarda qiymət köpüyü formalaşdırıb.

Çərşənbə günü baş verən kəskin ucuzlaşma, həmçinin süni intellekt bumunun təsiri ilə mis alışını dəstəkləyən investorların mövqelərində dəyişikliklə eyni vaxta təsadüf edib. Belə ki, investor Stenli Drakenmiller mislə bağlı mənfi mövqeyə keçdiyini açıqlayıb.

Xatırladaq ki, mis sentyabr ayında bir ton üçün 14 875 dollarla tarixi maksimuma yüksəlmişdi. Hazırda isə qiymət həmin zirvədən əhəmiyyətli dərəcədə aşağıdır və ilin əvvəlindəki səviyyələrə yaxınlaşıb.

MONETAR.AZ