Dünya bazarlarında alüminiumun qiymətində kəskin eniş qeydə alınıb. London Metal Birjasında (LME) metalın qiyməti son ticarət gününün yekununda 3,5% azalaraq bir ton üçün 2 834,90 dollar təşkil edib.
Ucuzlaşma həftəlik və aylıq göstəricilərdə də özünü göstərir. Belə ki, alüminium bir həftədə 6,09%, son bir ayda 6,11%, ilin əvvəlindən bəri isə 5,38% dəyər itirib.
Bununla yanaşı, fiziki metal bazarında təkliflə bağlı gərginlik diqqət çəkir. LME-də nağd alüminiumun qiyməti ilə üçaylıq fyuçers müqaviləsi arasındakı fərq 1988-ci ildən bəri ən yüksək səviyyəyə – bir ton üçün 278 dollara çatıb.
Birjanın anbarlarında alüminium ehtiyatları 226 350 ton təşkil edir. Bu, yanvar ayı ilə müqayisədə təxminən 56% azdır. Qlobal ehtiyatların isə dünya üzrə cəmi 44 günlük istehlakı qarşılaya biləcək səviyyəyə düşdüyü bildirilir.
İstehsal göstəricilərinə gəlincə, Çində ilkin alüminium istehsalı oktyabr ayında illik müqayisədə 1,8% artaraq 3,85 milyon tona yüksəlib. Yanvar-oktyabr dövründə isə istehsal 3,5% artımla 38,85 milyon ton təşkil edib.
Beynəlxalq Alüminium İnstitutunun məlumatına əsasən, sentyabr ayında dünyada alüminium istehsalı əvvəlki ilin eyni dövründəki 6,10 milyon tondan 6,014 milyon tona geriləyib. Bununla yanaşı, Çinin alüminium və alüminium məhsulları ixracı ilin ilk 10 ayında 18% artaraq 5,9 milyon tona çatıb.
Digər tərəfdən, “Emirates Global Aluminium” şirkəti “Al Taweelah” zavodunda istehsalın bərpası ilə bağlı məlumat yayıb. Şirkətin açıqlamasına görə, müəssisədə elektroliz vannalarının 61%-i yenidən fəaliyyətə başlayıb, alüminium oksidi istehsalı zavodunun yüklənmə səviyyəsi isə təxminən 70%-ə çatıb.
Bazarda qiymətlərin geriləməsinə baxmayaraq, məhdud ehtiyatlar və fiziki tədarükdəki gərginlik alüminium sektorunda diqqət mərkəzində qalır.
MONETAR.AZ