30 milyard dollardan çox dəyərdə çip sazişi

30 milyard dollardan çox dəyərdə

“Apple” şirkəti “Broadcom” ilə “Apple” məhsulları üçün ixtisaslaşdırılmış silikon komponentlərinin və naqilsiz bağlantı texnologiyalarının hazırlanması və istehsalını nəzərdə tutan, dəyəri 30 milyard dollardan çox olan çoxillik saziş imzaladığını açıqlayıb.

Saziş çərçivəsində ABŞ istehsalı olan 15 milyarddan çox çip istehsal ediləcək. Layihənin ölkədə yüzlərlə iş yerinin qorunmasına və yeni iş yerlərinin yaradılmasına töhfə verəcəyi bildirilir.

Bu müqavilə “Apple”ın ötən il başladığı ABŞ istehsalının inkişafı proqramı çərçivəsində üzərinə götürdüyü ən böyük öhdəlik hesab olunur. Razılaşmaya əsasən, “Broadcom” Fort Collins şəhərindəki istehsal müəssisəsini 1,5 milyard dollar həcmində kapital qoyuluşu hesabına genişləndirəcək və modernləşdirəcək. Müəssisədə qabaqcıl radiotezlik komponentləri, o cümlədən FBAR filtrləri və naqilsiz bağlantı texnologiyaları istehsal olunacaq.

Şirkətin baş icraçı direktoru Tim Cook bildirib ki, “Apple” və “Broadcom” uzun illərdir əməkdaşlıq edir və tərəfdaşlığın yeni mərhələsi ABŞ-da istehsalın və innovasiyaların inkişafına töhfə verəcək. Onun sözlərinə görə, Fort Kollinsdə istehsal olunacaq komponentlər şirkətin məhsullarında yüksək performans və etibarlı bağlantı imkanlarını təmin edəcək.

“Broadcom”un prezidenti və baş icraçı direktoru Hock Tan isə şirkətin “Apple” ilə uzunmüddətli əməkdaşlığı genişləndirməkdən məmnun olduğunu bildirib.

Bu investisiya “Apple”ın qarşıdakı dörd il ərzində ABŞ iqtisadiyyatına ümumilikdə 600 milyard dollar sərmayə yatırmaq planının tərkib hissəsidir.

Sazişin elanından sonra hərracdan əvvəlki ticarət sessiyasında “Broadcom”un səhmləri 0,7 faiz, “Apple”ın səhmləri isə 0,6 faiz ucuzlaşıb.

MONETAR.AZ