Bu gün Bakıda növbəti gömrük hərracı keçiriləcək

Bu gün Bakıda növbəti

Aprelin 16-da Bakıda dövlət mülkiyyətinə keçirilmiş malların növbəti gömrük hərracları təşkil olunacaq. Hərraclar Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Bildirilib ki, eyni gün ərzində iki fərqli vaxtda keçiriləcək hərraclarda müxtəlif kateqoriyalar üzrə mallar satışa çıxarılacaq.

Saat 11:00-da baş tutacaq hərracda avtomobil ehtiyat hissələri, geyim və tekstil məhsulları, elektronika və məişət malları, eləcə də tibbi ləvazimatlar təqdim ediləcək. Bu kateqoriyalar üzrə ümumi start qiymətləri 16 min manatdan başlayaraq 149 min manata qədər dəyişir. Xüsusilə geyim və tekstil məhsulları 149,5 min manatdan artıq start qiyməti ilə diqqət çəkir.

Qeyd olunur ki, bu mallar artıq 4-cü dəfə təkrar hərraca çıxarılıb və onların qiyməti 25 faiz aşağı salınıb ki, bu da potensial alıcılar üçün daha sərfəli imkanlar yaradır.

Saat 11:30-da keçiriləcək digər hərracda isə aksesuar və bijuteriya, ehtiyat hissələri, elektronika malları, məişət avadanlıqları və tibbi ləvazimatlar satışa çıxarılacaq. Bu kateqoriyalar arasında ən yüksək start qiyməti 263 min manatdan çox olmaqla məişət mallarına aiddir.

Qanunvericiliyə əsasən, gömrük orqanlarının əməkdaşları və onların ailə üzvləri bu hərraclarda iştirak edə bilməzlər. 

MONETAR.AZ