Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini abidələrin foto sərgisinin təşkil edilməsi məqsədilə 2026/AT/03359/V1 nömrəli irimiqyaslı açıq tender müsabiqəsi elan edib. Dövlət satınalmalarının rəsmi portalında yer alan məlumata görə, cəmi 4 günlük tədbiri əhatə edən satınalma layihəsinin ilkin ehtimal olunan qiyməti 480 930,60 manat müəyyən edilib.
Dərc olunan texniki şərtlər toplusuna əsasən, müsabiqə çərçivəsində Bakı şəhərinin 1-ci, 2-ci və 3-cü zonalarında yerləşən 5 ulduzlu otellərin və ya tədbir mərkəzlərinin birində 1100 kvadratmetr ölçüdə, sütunsuz və hündürlüyü ən azı 6 metr olan lüks sərgi zalının 4 günlük icarəsi nəzərdə tutulur. Bununla yanaşı, qalib şirkət 24 kvm-lik UHD keyfiyyətli qabaqcıl LED monitorların, monitorlu rəqəmsal elektron kürsünün, 5KHZ gücündə səs və mikrofon avadanlıqlarının, həmçinin xüsusi robot işıqlandırma və brendinq olunmuş səhnə platformalarının icarəsi, montajı və idarə edilməsini təmin etməlidir.
Müsabiqədə iştirak etmək istəyən iddiaçılar öz qiymət təkliflərini 30 iyul 2026-cı il saat 12:00-dək təqdim edə bilərlər. Elə həmin tarixdə və saatda da təklif zərflərinin açılış proseduru baş tutacaq.