“Akkuyu” AES-in ilk enerji bloku 2026-cı ilin sonunadək fəaliyyətə başlayacaq

“Akkuyu” AES-in ilk enerji bloku 2026-cı ilin sonunadək

Türkiyənin “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk enerji blokunun 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

“Akkuyu” AES Rusiya istehsalı olan VVER-1200 tipli reaktorlara malik dörd enerji blokundan ibarət olacaq. Stansiyanın tikintisinə 2018-ci ildə başlanılıb. Layihənin icrasını “Rosatom”un törəmə şirkəti olan “Akkuyu Nuclear” ASC həyata keçirir.

Nazirin sözlərinə görə, hər birinin qoyuluş gücü 1,2 min MVt olan dörd reaktordan ibarət stansiyanın ilk enerji blokunda sınaq mərhələsinə başlanılıb.

“İlk enerji blokunda sınaq mərhələsi başlayıb”, – deyə Alparslan Bayraktar bildirib. Onun sözlərinə görə, digər enerji bloklarında da tikinti işləri davam etdirilir.

Nazir qeyd edib ki, ilk blokun istismara verilməsindən sonra Türkiyənin elektrik enerjisinə olan tələbatının təxminən 2–2,5 faizi atom enerjisi hesabına qarşılanacaq. AES-in bütün dörd enerji bloku istifadəyə verildikdən sonra isə bu göstəricinin 10 faizə çatacağı gözlənilir.

Alparslan Bayraktar, həmçinin üçüncü və dördüncü enerji bloklarının tikintisi ilə paralel olaraq “Akkuyu” AES-də Məlumatların Emalı Mərkəzinin (Data Center) yaradılmasının planlaşdırıldığını bildirib.

MONETAR.AZ