Azərbaycanın yaşıl enerji ixracı 2032-ci ilə qədər 8 GVt-yə çata bilər

Azərbaycanın yaşıl enerji ixracı 2032-ci ilə qədər

Azərbaycan yaxın illərdə bərpa olunan enerji istehsalını genişləndirərək elektrik enerjisi ixracını artırmağı planlaşdırır.

Monetar.az xəbər verir ki, Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında ölkənin bərpa olunan enerji potensialının 2032-ci ilə qədər 6-8 GVt-yə çatdırılması hədəfi əks olunub. İstehsal ediləcək enerjinin əhəmiyyətli hissəsinin ixraca yönəldilməsi nəzərdə tutulur.

Sənədə əsasən, Azərbaycanın iqtisadi baxımdan səmərəli bərpa olunan enerji potensialı 27 GVt qiymətləndirilir. Bunun 23 GVt-i günəş, 3 GVt-i külək, 380 MVt-i bioenerji, 520 MVt-i isə dağ çaylarının hidroenerji potensialının payına düşür.

Planlara görə, 2027-ci ilə qədər təxminən 2 GVt bərpa olunan enerji gücünün istifadəyə verilməsi gözlənilir. 2028-2030-cu illərdə isə əlavə 4 GVt gücün yaradılması nəzərdə tutulur. Bu gücün təxminən 1 GVt-nın daxili tələbatın ödənilməsinə, qalan hissəsinin isə əsasən elektrik enerjisi ixracına yönəldilməsi planlaşdırılır.

Sənəddə həmçinin Azərbaycanın quruda bərpa olunan enerji üzrə texniki potensialının 135 GVt-dan, dənizdə isə 157 GVt-dan çox olduğu bildirilir. Bununla belə, iqtisadi baxımdan səmərəli potensial daha aşağı qiymətləndirilir.