Neft-qaz sektorunun emissiyalarının 28% azaldılması hədəflənir

Neft-qaz sektorunun emissiyalarının

Azərbaycan neft-qaz sektorunda metan sızmalarının qarşısının alınması və məşəldə qaz yandırılmasının azaldılması istiqamətində yeni tədbirlər həyata keçirməyi planlaşdırır.

Monetar.az xəbər verir ki, Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasına əsasən, neft-qaz sektorunda 2035-ci ilə qədər istixana qazı emissiyalarının ən azı 28% azaldılması hədəflənir.

Sənəddə qeyd olunur ki, 2022-ci ildə neft-qaz sektorunun emissiyaları 20,05 milyon ton CO₂ ekvivalenti təşkil edib. Bu, ölkənin həmin il üzrə ümumi emissiyalarının təxminən 29%-nə bərabər olub.

Maraqlıdır ki, sektorun emissiyalarının 40%-i, yaxud 8,2 milyon tonu qazın havaya buraxılması, 29%-i yanacaq yandırılması, 28%-i isə avadanlıqlardan və digər mənbələrdən qaz sızmaları ilə əlaqədardır.

Strategiyada 2030-cu ilə qədər səmt qazının məşəldə yandırılmasının sıfıra endirilməsi, 2035-ci ilə qədər hasilatın ilkin mərhələsində metan emissiyalarının sıfıra yaxınlaşdırılması nəzərdə tutulur. SOCAR-ın qarşıya qoyduğu digər məqsəd isə 2050-ci ilə qədər bütün əməliyyatlarda xalis sıfır emissiyaya nail olmaqdır.

Bu hədəflərə çatmaq üçün metan sızmalarının aşkarlanması, peyk texnologiyalarından və infraqırmızı kameralardan istifadə, həmçinin tutulan qazın nəqli üçün boru kəməri infrastrukturunun qurulması və yenilənməsi planlaşdırılır.