Rusiyanın “Türk axını” ilə Avropaya qaz ixracı artıb

Rusiyanın “Türk axını” ilə Avropaya

Rusiya 2026-cı ilin yanvar–oktyabr aylarında “Türk axını” qaz kəmərinin Avropa qolu vasitəsilə qaz ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% artıraraq 14,817 milyard kubmetrə çatdırıb.

“RİA Novosti”nin Avropa Qaz Nəqliyyatı Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatları əsasında apardığı hesablamalara görə, qaz Bolqarıstan və Türkiyə sərhədində yerləşən “Strandja-2 – Malkoçlar” qazölçmə məntəqəsi vasitəsilə nəql olunur.

Oktyabr ayında kəmərin Avropa qolu ilə 1,615 milyard kubmetr qaz nəql edilib. Bu, 2025-ci ilin oktyabrı ilə müqayisədə 4,1% az olsa da, 2026-cı ilin sentyabr göstəricisini 20,3% üstələyib.

ENTSOG məlumatlarına əsasən, oktyabrda magistralın ötürücülük gücündən orta hesabla 92% istifadə olunub. Sentyabrda bu göstərici 79% təşkil etmişdi.

“Reuters”in hesablamalarına görə, “Gazprom”un “Türk axını” vasitəsilə Avropaya gündəlik qaz tədarükü oktyabrda orta hesabla 52,1 milyon kubmetr olub. Ötən ilin eyni ayında bu göstərici 54,3 milyon kubmetr təşkil etmişdi.

2025-ci il ərzində kəmərin Avropa qolu ilə Avropa ölkələrinə ümumilikdə 18,06 milyard kubmetr qaz göndərilib.

“Türk axını” hər birinin illik ötürücülük gücü 15,75 milyard kubmetr olan iki qoldan ibarətdir. Onlardan biri Türkiyəyə, digəri isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub.

Avropa İttifaqı Rusiya qazının idxalına mərhələli şəkildə son qoymağı planlaşdırır. Mövcud qrafikə əsasən, 2027-ci il yanvarın 1-dən Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın (LNG), həmin ilin payızından isə boru kəməri ilə nəql olunan qazın idxalı qadağan edilməlidir.

MONETAR.AZ