Hər il avqustun 19-u dünyada Dünya Humanitar Yardım Günü kimi qeyd olunur. Monetar.az xəbər verir ki, bu gün humanitar böhranlar zamanı insanların həyatının xilas edilməsinə çalışan yardım işçilərinin fəaliyyətinə diqqət çəkmək və onların fədakarlığını yad etmək məqsədi daşıyır.
Dünya Humanitar Yardım Gününün təsis edilməsinə 2003-cü il avqustun 19-da İraqda Birləşmiş Millətlər Təşkilatının Bağdaddakı qərargahına qarşı törədilmiş terror aktı səbəb olub. Həmin hücum nəticəsində BMT-nin xüsusi nümayəndəsi Serjiu Vieyra de Mellu da daxil olmaqla 22 nəfər həyatını itirib.
Bu hadisədən sonra humanitar yardım göstərən insanların təhlükəsizliyinin və fəaliyyətinin beynəlxalq səviyyədə diqqətdə saxlanılması daha da aktuallaşıb.
Dünya Humanitar Yardım Günü humanitar yardım işçilərinin münaqişə, təbii fəlakət və digər böhranlar zamanı insanların həyatını xilas etmək üçün gördüyü işlərin əhəmiyyətini vurğulayır. Eyni zamanda, bu nəcib fəaliyyət zamanı həyatını itirən yardım işçilərinin xatirəsi yad edilir.
Qeyd edək ki, BMT Baş Assambleyası Dünya Humanitar Yardım Gününün təsis edilməsi barədə qərarı 2008-ci ildə qəbul edib və gün ilk dəfə 2009-cu ildə qeyd olunub.