Azərbaycanlı jurnalistlər Daşkənddə “Texnopark”ın istehsal imkanlarını görüblər

Azərbaycanlı jurnalistlər Daşkənddə “Texnopark”ın

Azərbaycan media nümayəndələrinin Özbəkistana təşkil olunan press-turu çərçivəsində növbəti səfər məkanı Daşkənddə fəaliyyət göstərən “Texnopark” MMC olub. Jurnalistlər müəssisənin istehsal sahələrinə baş çəkərək burada tətbiq olunan texnologiyalar, istehsal prosesləri və ixrac imkanları ilə tanış olublar. Bu barədə AZƏRTAC xəbər verib.

2019-cu ildə yaradılan “Texnopark” yeddi əsas istehsal blokunu birləşdirir. Hazırda müəssisədə ümumi dəyəri 465 milyon dollar olan 18 layihə həyata keçirilir. Bu layihələr üzrə istehsal gücü isə təxminən 1 milyard dollar həcmində qiymətləndirilir.

“Texnopark” MMC-nin ümumi məsələlər üzrə baş direktor müavini Botir Babatullayev bildirib ki, müəssisə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin yüksək texnologiyalı, rəqabətqabiliyyətli, ixracyönümlü və idxalı əvəz edən istehsal sahələrinin yaradılması ilə bağlı müəyyən etdiyi hədəflərin həyata keçirilməsinə xidmət edir.

Onun sözlərinə görə, əsas istiqamətlərdən biri geniş çeşiddə sənaye məhsullarının və məişət texnikasının yerli istehsalını təşkil etməklə idxaldan asılılığı azaltmaq, eyni zamanda yeni iş yerləri yaratmaqdır.

Müəssisənin istehsal portfelinə qazın elektron uçotu cihazları, məişət və ticarət soyuducuları, sənaye kondisionerləri və soyutma sistemləri, lift və eskalatorlar, su nasosları və nasos stansiyaları daxildir.

Bundan başqa, burada pres-qəlib və ştamplar, qapı-pəncərə çərçivələri üçün furnitur və aksesuarlar, panel radiatorlar, metal konstruksiyalar, paltaryuyan maşınlar, mis borular və fitinqlər də istehsal olunur.

“Texnopark”ın məhsul çeşidi bununla məhdudlaşmır. Müəssisədə sendviç panellər, sənaye tipli isti su qazanları, günəş kollektorları və suqızdırıcılar, bazalt əsaslı istilik izolyasiya materialları, eləcə də qolf-kartlar hazırlanır.

Kompleksdə çuqun tökmə məmulatlarının istehsalı üzrə bölmələr, rəngləmə xətləri və polimer məhsullarının istehsalı sahələri də fəaliyyət göstərir. Növbəti mərhələlərdə isə avtomatlaşdırılmış logistika mərkəzinin yaradılması planlaşdırılır.

“Texnopark”da hazırda 4 mindən çox əməkdaş çalışır. Müəssisənin beynəlxalq tərəfdaşları sırasında İtaliyanın “Pietro Fiorentini” və “Ferroli”, Cənubi Koreyanın “Samsung Electronics” şirkətləri və digər iri şirkətlər yer alır.

Müəssisənin ixrac üzrə mütəxəssisi İqor Em bildirib ki, “Texnopark” məhsullarını MDB və Avropa ölkələri də daxil olmaqla müxtəlif xarici bazarlara çıxarır.

Onun sözlərinə görə, Azərbaycana hər il 12-15 min ədəd polad panel radiatoru ixrac olunur.

Mütəxəssis bildirib ki, hazırda Azərbaycan bazarına lift avadanlıqları, eskalatorlar və iqlim avadanlıqlarının tədarükü ilə bağlı danışıqlar aparılır. Hələlik bu istiqamətdə yekun razılaşma əldə edilməyib.

İqor Em “Texnopark” nümayəndələrinin Azərbaycanda keçirilən sənaye sərgilərində də iştirak etdiyini vurğulayıb. Onun sözlərinə görə, şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsi və ixracın artırılması üçün yeni imkanları müzakirə edir.

İxrac coğrafiyası barədə danışan mütəxəssis qeyd edib ki, müəssisənin məhsulları hazırda MDB və Avropanın təxminən 10 ölkəsində satılır.

Press-tur iştirakçıları səfər zamanı “Texnopark”ın istehsal gücü, texnoloji xətləri və məhsul çeşidi ilə yerində tanış olublar.

“Texnopark” Mərkəzi Asiyanın iri innovativ və yüksək texnologiyalı sənaye komplekslərindən biri hesab olunur. Müəssisə sənaye elektrotexnikası, tikinti materialları və məişət texnikası istehsal edən çoxsaylı şirkət və istehsal sahələrini vahid kompleksdə birləşdirir.