ABŞ-da aparılan sorğu sosial medianın yeniyetmələrin psixi sağlamlığına təsiri ilə bağlı narahatlığın artdığını göstərib.
Monetar.az xəbər verir ki, Pew Research Centerin 2 13-17 yaşlı amerikalı yeniyetmələr arasında keçirdiyi sorğuya əsasən, respondentlərin 48 faizi sosial medianın öz yaş qrupundakı insanlara əsasən mənfi təsir etdiyini bildirib. Bu göstərici iki il əvvəl 32 faiz təşkil edib.
Sorğuda iştirak edən yeniyetmələrin yalnız 11 faizi sosial medianın təsirini əsasən müsbət qiymətləndirib. Xüsusilə psixi sağlamlıq məsələsi həm yeniyetmələr, həm də valideynlər arasında əsas narahatlıq doğuran mövzulardan biri olub.
Valideynlərin 55 faizi yeniyetmələrin psixi sağlamlığı ilə bağlı son dərəcə və ya çox narahat olduğunu bildirib. Yeniyetmələr arasında isə bu göstərici 35 faiz təşkil edib.
Sorğuda iştirakçılardan yeniyetmələrin psixi sağlamlığı üçün ən böyük təhlükəni müəyyənləşdirmək istənildikdə, həm valideynlər, həm də yeniyetmələr sosial medianı ilk sırada göstəriblər. Valideynlərin 44 faizi sosial medianı övladlarının psixi rifahı üçün əsas təhlükə hesab edib. Yeniyetmələr arasında isə bu göstərici 22 faiz olub.
Bundan əlavə, zorakılıq, kənardan gələn təzyiq və gözləntilər də yeniyetmələrin psixi sağlamlığına mənfi təsir edən əsas amillər sırasında göstərilib.
Sosial medianın yeniyetmələrə təsiri ilə bağlı müzakirələr fonunda “Meta” şirkəti də məhkəmə prosesi ilə üzləşib. 29 ştatın baş prokurorlarının 2023-cü ildə qaldırdığı iddiada şirkətin gənc istifadəçilərin platformalardan asılılığını artıran və psixoloji baxımdan manipulyativ xüsusiyyətlər hazırladığı iddia olunur.
“Meta” isə ittihamları rədd edir və gənc istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün müxtəlif qoruyucu tədbirlər gördüyünü bildirir.
Məhkəmənin şirkətin platformalarının yeniyetmələrin psixi sağlamlığına mümkün mənfi təsirinə görə hüquqi məsuliyyət daşıyıb-daşımadığını müəyyənləşdirməsi gözlənilir.