“Təmiz hava” aylığı çərçivəsində avtomobillərə nəzarət gücləndirilib

“Təmiz hava” aylığı çərçivəsində avtomobillərə

Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, tədbirlər zamanı avtomobillərin texniki sazlığı yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi sürücülərin diqqətinə çatdırılıb.

Bununla yanaşı, sürücülər, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərlə profilaktik söhbətlər aparılıb. Görüşlərdə nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insanların sağlamlığının mühafizəsi baxımından əhəmiyyəti izah olunub.

Nəzarət-profilaktik tədbirlərdə əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına, avtomobillərin texniki vəziyyətinin yaxşılaşdırılmasına və ətraf mühitin qorunmasına yönəldilib.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə nəqliyyat vasitələrinin texniki sazlığına mütəmadi nəzarət etməyi və ətraf mühitin mühafizəsinə həssas yanaşmağı tövsiyə edib.