Çilinin şimalında yerləşən Atakama səhrasında nadir təbiət hadisəsi baş verib. Sakit okeanın tropik hissəsində suyun qeyri-adi dərəcədə isinməsi ilə müşayiət olunan “Super El-Ninyo” hadisəsi bölgədə kütləvi çiçəklənməyə səbəb olub.
İqlim anomaliyası Çilidə hava şəraitinin dəyişməsinə və bəzi ərazilərdə rekord miqdarda yağıntının düşməsinə gətirib. Ayrı-ayrı rayonlarda yağıntının həcmi 160–190 millimetrə çatıb. Nəticədə rütubət torpağın adi vaxtdakından daha dərin qatlarına nüfuz edərək uzun illər hərəkətsiz vəziyyətdə qalan toxum, soğanaq və yumruların cücərməsinə şərait yaradıb.
Milli Meşə Korporasiyasının (CONAF) nümayəndəsi Xorxe Karabantes hadisəni unikal adlandıraraq Atakamada 200-dən çox bitki növünün yetişdiyini bildirib. Bioloq Sesar Pisarro isə bəzi təpələrdə 30–40 il ərzində yaşıllığın müşahidə olunmadığını qeyd edib.
“Desierto Florido” (“Çiçəkləyən səhra”) adlandırılan çiçəklənmə sahəsinin təxminən 17 min kvadrat kilometr olduğu bildirilir. Müşahidələrin bu hadisənin 1997-ci ildən bəri Atakamada qeydə alınan ən intensiv çiçəklənmə ola biləcəyini göstərdiyi qeyd olunur.
Proqnozlara görə, oktyabr ayına qədər bölgəyə təxminən 300 min turist səfər edə bilər. Sakit okeanla And dağları arasında 1,6 min kilometr məsafədə uzanan Atakama səhrasında oktyabr ayında çiçəklərin yaratdığı rəngarəng örtüyün təxminən 15 min hektar ərazini əhatə edəcəyi gözlənilir.
MONETAR.AZ