2050-ci ildə dünyanın ən böyük şəhər iqtisadiyyatları

2050-ci ildə dünyanın ən böyük

2050-ci ildə dünyanın ən böyük şəhər iqtisadiyyatının Nyu-York olacağı proqnozlaşdırılır. Şəhərin ÜDM-nin 6,4 trilyon dollara çatacağı gözlənilir.

Monetar.az xəbər verir ki, bu barədə Oxford Economics-in 2026-cı il Qlobal Şəhərlər İndeksinin proqnozlarına əsaslanan araşdırmada qeyd olunub.

Proqnoza görə, 2050-ci ildə Nyu-Yorkdan sonra Los-Anceles 3,62 trilyon dollarla ikinci, Şanxay 3,26 trilyon dollarla üçüncü, Tokio 3,25 trilyon dollarla dördüncü, London isə 3,17 trilyon dollarla beşinci olacaq.

Çinin Pekin və Şençjen şəhərlərinin də ilk 10-luğa daxil olacağı gözlənilir. Pekin 2,63 trilyon dollarla 6-cı, Şençjen isə 2,43 trilyon dollarla 9-cu yerdə qərarlaşa bilər.

Beləliklə, 2050-ci ildə dünyanın ən böyük 10 şəhər iqtisadiyyatı arasında Çinin üç şəhərinin olması proqnozlaşdırılır. 2025-ci ildə isə bu siyahıda Çindən yalnız Şanxay yer alıb.

Şanxayın mövqeyində xüsusilə böyük dəyişiklik gözlənilir. Şəhər 2025-ci ildə 780 milyard dollarlıq ÜDM ilə 12-ci yerdə olduğu halda, 2050-ci ildə 3,26 trilyon dollara yüksələrək üçüncü yerə çıxa bilər.

2025-ci ildə Nyu-York 2,6 trilyon dollarla dünyanın ən böyük şəhər iqtisadiyyatı olub. Tokio 1,5 trilyon dollarla ikinci, Los-Anceles 1,42 trilyon dollarla üçüncü, London 1,16 trilyon dollarla dördüncü, Paris isə 1,03 trilyon dollarla beşinci yerdə qərarlaşıb.

Proqnoza əsasən, 2050-ci ildə ilk 12-likdə yer alan bütün şəhərlərin illik ÜDM-i 2 trilyon dolları keçəcək.