Qara metallurgiyanın inkişafı üzrə yeni layihələr həyata keçiriləcək

Qara metallurgiyanın inkişafı üzrə

Azərbaycanın 2027–2030-cu illər üzrə inkişaf prioritetlərində qara metallurgiya sənayesinin inkişafı istiqamətində bir sıra mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Prioritet istiqamət çərçivəsində Daşkəsən dəmir filizi layihəsinin mərhələli şəkildə reallaşdırılması, filiz hasilatının təşkili, zənginləşdirmə zavodunun, pellet istehsalı zavodunun və İBD zavodunun qurulması planlaşdırılır. Layihələr üzrə texniki-iqtisadi əsaslandırmaların tamamlanması, hazırlıq və tikinti işlərinin aparılması, eləcə də istehsal güclərinin yaradılması nəzərdə tutulub.

Planlara əsasən, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində zənginləşdirmə zavodundan pellet istehsalı zavoduna dəmir filizi konsentratının nəqli üçün təqribən 45 kilometr uzunluğunda boru kəmərinin inşası da həyata keçiriləcək. Eyni zamanda, İBD zavodunda illik 2 milyon ton istehsal gücünün yaradılması hədəflənir.

Qara metallurgiya sənayesinin inkişafı üçün stimullaşdırıcı tədbirlərin və güzəştlərin tətbiqi də gündəmdədir. Bu çərçivədə istehsal və logistika xərclərinin qiymətləndirilməsi, iqtisadi cəhətdən məqsədəuyğun dəstək alətlərinin müəyyənləşdirilməsi və qara metallurgiya məhsullarının daşınması üzrə rəqabətli dəmir yolu yükdaşıma tariflərinin tətbiqi nəzərdə tutulur.

Bundan əlavə, Qərb Sənaye Parkının zəruri mühəndis-kommunikasiya və nəqliyyat infrastrukturu ilə təmin edilməsi, İBD zavodunun fasiləsiz təbii qaz təchizatı məqsədilə “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin I xəttinin 69 kilometrlik hissəsinin əsaslı təmiri planlaşdırılır.

Sənayenin xammal təminatının gücləndirilməsi məqsədilə metal qırıntısı xammalı əsasında fəaliyyət göstərən müəssisələrin yerli İBD-dən istifadəsinin təşviqi, daxili bazarda qiymət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi və idxaldan asılılığın azaldılması üzrə təkliflərin hazırlanması nəzərdə tutulur.

Eyni zamanda, yüksək əlavə dəyərli qara metallurgiya məhsullarının istehsalının genişləndirilməsi, ixrac imkanlarının artırılması və yerli sənaye müəssisələrinin istehsal potensialının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.

Bu çərçivədə “Baku Steel Company” QSC tərəfindən yeni yayma zavodunun yaradılmasının, eləcə də tikişsiz boru istehsalı sahəsində yeni istehsal güclərinin formalaşdırılmasının mövcud təşviq mexanizmləri çərçivəsində dəstəklənməsi nəzərdə tutulur. Yeni layihələrin həyata keçirilməsi nəticəsində yüksək əlavə dəyərli metal məhsullarının istehsalının və ixracının genişləndirilməsi hədəflənir.