Bakı metropolitenində sərnişin axınının daha səmərəli bölüşdürülməsi, yerüstü nəqliyyatda sıxlığın azaldılması və sərnişinlərin hərəkət rahatlığının artırılması istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səhər saatlarından etibarən “Avtovağzal” və “Xocəsən” stansiyalarına girişin ödənişsiz təşkil olunması sərnişinlərin hərəkətinin rahatlaşdırılmasına və müxtəlif istiqamətlər üzrə sərnişin axınının daha optimal bölüşdürülməsinə xidmət edir.
B.Məmmədov qeyd edib ki, paytaxta sərnişin axınının əsas istiqamətlərindən biri Sumqayıt–Xırdalan xətti, eləcə də Bakı–Şamaxı yoludur. Bu ərazilərdən şəhər mərkəzinə daxil olan sərnişinlərin bir hissəsinin metrodan istifadəyə yönləndirilməsi 20 Yanvar stansiyası və Moskva prospekti ətrafında nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərə bilər.
“Bakı Metropoliteni” rəsmisinin sözlərinə görə, yerüstü nəqliyyatda sıxlıq müşahidə olunsa da, metronun bəzi xətlərində sərnişin axını əvvəlki dövrlə müqayisədə azalıb. Hazırda Yaşıl xətdə sərnişin sayında 50 faizdən çox, Bənövşəyi xətdə isə 35–40 faiz arasında azalma qeydə alınır.
B.Məmmədov bildirib ki, bu baxımdan sərnişin axınının yerüstü nəqliyyatdan metroya yönləndirilməsi nəqliyyat sistemində yaranmış disbalansın aradan qaldırılmasına və şəhər yollarında sıxlığın azaldılmasına kömək edə bilər.