Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişləndiyi bir vaxtda “Azərbaycan Hava Yolları” (AZAL) regiondakı uçuş şəbəkəsini daha da böyüdüb. Son aylarda Şımkent, Atırau və Aktöbə istiqamətlərinin əlavə olunması ilə AZAL-ın Mərkəzi Asiyada uçuşlarının coğrafiyası 10 istiqamətə çatıb.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, dörd ölkəni əhatə edən marşrut şəbəkəsi üzrə həftədə ümumilikdə 47 reys həyata keçirilir. Cari ilin əvvəlindən bu istiqamətlər üzrə təxminən 400 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artım deməkdir.
Qazaxıstan AZAL-ın Mərkəzi Asiyada ən geniş uçuş şəbəkəsinə malik olduğu ölkə olaraq qalır. Almatı, Astana və Aktau istiqamətlərinə gündəlik, Atırauya həftədə dörd, Şımkent və Aktöbəyə isə həftədə üç dəfə uçuş həyata keçirilir. Beləliklə, Qazaxıstan üzrə həftəlik reyslərin sayı 31-ə çatır. Altı şəhərlə birbaşa hava əlaqəsi işgüzar səfərlər, ailə ziyarətləri və turizm məqsədli səyahətlər üçün əlavə imkanlar yaradır.
Özbəkistanda Daşkəndə gündəlik, Səmərqəndə isə həftədə iki dəfə uçuş həyata keçirilir. Bu ölkə üzrə həftəlik reyslərin sayı 9-dur. Qırğızıstanın paytaxtı Bişkek və Tacikistanın paytaxtı Düşənbə istiqamətlərinin hər birinə isə həftədə dörd reys yerinə yetirilir.
Mərkəzi Asiya istiqamətləri yalnız Bakıya səfər edən sərnişinlər üçün deyil, paytaxt üzərindən digər beynəlxalq istiqamətlərə tranzit keçid edənlər üçün də əhəmiyyət daşıyır. Cari ildə bu marşrutlarda Bakı üzərindən tranzit keçən sərnişinlərin sayı 58 min 734 nəfər təşkil edib. Bu göstərici Bakı hava qovşağının Mərkəzi Asiya ilə Avropa və digər beynəlxalq istiqamətlər arasında tranzit əlaqələrində rolunun artdığını göstərir.
Sərnişinlər AZAL-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə bilet alışı ilə yanaşı, baqaj və oturacaq seçimi kimi xidmətlərdən də istifadə edə bilərlər. “AZAL Miles” proqramı çərçivəsində mil toplamaq imkanı da mövcuddur. Özbəkistandan səyahət edən sərnişinlər üçün isə “Uzum Bank”la əməkdaşlıq çərçivəsində “HUMO” və “Uzcard” kartları ilə ödəniş etmək mümkündür.