Böyük Britaniyada dövlət borclanması rekord həddə çatıb

Böyük Britaniyada dövlət borclanması

Böyük Britaniyada avqust ayında dövlət borclanmasının həcmi 18,3 milyard funt-sterlinq təşkil edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə təxminən beşdə bir çoxdur və pandemiya dövrü istisna olmaqla, avqust ayı üzrə rekord göstəricidir. Nəticə gələn ay təqdim olunacaq büdcə ərəfəsində ölkənin dövlət maliyyəsi üzərində təzyiqin davam etdiyini göstərir.

Avqust üzrə borclanma göstəricisi Büdcə Məsuliyyəti Ofisinin (OBR) proqnozunu 3,5 milyard funt-sterlinq üstələyib. Buna əsas səbəb dövlət xərclərinin vergi daxilolmalarındakı artımdan daha sürətlə yüksəlməsidir. Belə ki, mərkəzi hökumətin xərcləri OBR-in proqnozundan 2,3 milyard funt-sterlinq, gəlirləri isə 0,2 milyard funt-sterlinq çox olub.

Cari maliyyə ilinin avqust ayı da daxil olmaqla ilk dövründə dövlət borclanmasının ümumi həcmi 77,3 milyard funt-sterlinq təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 milyard funt-sterlinq azdır. Bununla belə, göstərici OBR-in mart ayında açıqladığı proqnozdan 8,1 milyard funt-sterlinq yüksəkdir.

Avqust ayında dövlət borcu üzrə faiz və digər ödənişlərin həcmi 8,8 milyard funt-sterlinq təşkil edib. Bu, 1997-ci ildən etibarən statistikanın aparıldığı dövr ərzində avqust ayı üzrə ən yüksək göstəricidir. Məbləğin 2,1 milyard funt-sterlinqi may və iyun aylarında pərakəndə satış qiymətləri indeksinin 0,3 faiz artması nəticəsində indeksləşdirilən dövlət istiqrazları üzrə yaranan kapital artımının payına düşüb.

Dövlətin sosial müavinətlərə xalis ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 29,2 milyard funt-sterlinqə çatıb. Mərkəzi hökumətin mal və xidmətlərə çəkdiyi xərclər isə 5,7 faiz artaraq 39,8 milyard funt-sterlinq olub.

Vergi daxilolmalarında da artım qeydə alınıb. Gəlir vergisi üzrə daxilolmalar 1,5 milyard funt-sterlinq və ya 6,6 faiz artaraq 24,6 milyard funt-sterlinqə yüksəlib. İyul və avqust aylarında müstəqil şəkildə bəyan edilən gəlir vergisi daxilolmalarının ilkin qiymətləndirilən həcmi 18,6 milyard funt-sterlinq olub. Bu, əvvəlki illə müqayisədə 1,9 milyard funt-sterlinq çox olsa da, OBR-in proqnozundan 0,4 milyard funt-sterlinq aşağıdır.

Dövlət sektorunun xalis borcu avqust ayının sonuna 2 985,5 milyard funt-sterlinq təşkil edib. Bu, illik müqayisədə 78,5 milyard funt-sterlinq artım deməkdir. Bununla belə, borcun ÜDM-ə nisbəti 95,1 faizdən 93,8 faizə düşüb. Bu göstərici 1960-cı illərin əvvəllərindən bəri ən aşağı səviyyə kimi qiymətləndirilir.

Hökumətin büdcə hədəflərinə uyğunluğunu qiymətləndirmək üçün istifadə etdiyi dövlət sektorunun xalis maliyyə öhdəlikləri isə ÜDM-ə nisbətdə ötən ilki 82,1 faizdən 82,3 faizə yüksəlib. Bu göstəricinin nominal həcmi 2 620,4 milyard funt-sterlinq təşkil edib.

Böyük Britaniya hökuməti 2030-cu ilin martında başa çatacaq maliyyə ilinə qədər dövlət sektorunun xalis maliyyə öhdəliklərinin ÜDM-ə nisbətini azaltmağı qarşısına məqsəd qoyub. Avqust ayı üzrə yüksək borclanma və artan xərclər isə qarşıdakı büdcə qərarları fonunda dövlət maliyyəsinin vəziyyətini əsas müzakirə mövzularından birinə çevirir.

MONETAR.AZ