Keçən il humanoid robotların satışı 7 000 ədədə çatıb

Keçən il humanoid robotların satışı

Beynəlxalq Robototexnika Federasiyasının (IFR) məlumatına görə, 2025-ci ildə dünyada sənaye və peşəkar xidmətlər üçün təxminən 7 min humanoid robot satılıb. Bu göstərici gələcək illərdə sürətlə genişlənəcəyi gözlənilən humanoid robot bazarının ilk ölçülə bilən göstəricilərindən biri hesab olunur.

Humanoid robotların satış həcmi ümumi robototexnika bazarı ilə müqayisədə hələlik kiçikdir. Belə ki, 2024-cü ildə dünyada təxminən 542 min sənaye robotu quraşdırılıb. Eyni dövrdə daşınma, mehmanxana xidmətləri və təmizlik kimi sahələrdə istifadə olunan 199 minə yaxın xidmət robotu satılıb.

Reuters-in IFR tərəfindən rəsmi açıqlanmadan əvvəl əldə etdiyi məlumatlara əsasən, federasiyanın humanoid robot kateqoriyasına insanabənzər görünüşə malik və insanlar üçün nəzərdə tutulmuş mühitdə avtonom işləyə bilən robotlar daxildir. Bu kateqoriyaya aid edilmək üçün robotun ayaqlarının olması isə məcburi şərt sayılmır.

Frankfurtda yerləşən IFR-in baş katibi Syuzanna Biller bildirib ki, 2025-ci ildə satılan humanoid robotlar əsasən məhsuldar əmək proseslərində deyil, tədqiqat və məlumatların toplanması məqsədilə istifadə olunub.

Onun sözlərinə görə, texnologiyanı erkən mərhələdə sınaqdan keçirən avtomobil istehsalçıları humanoid robotları zavodlarda tətbiq etməyə başlayıblar. Bununla belə, hazırkı pilot layihələr, bir qayda olaraq, ayrı-ayrı robotların, daha nadir hallarda isə ikirəqəmli sayda maşının istifadəsini nəzərdə tutur.

IFR üç onillikdir robototexnika sahəsində qlobal məlumatları toplayır və humanoid robotların statistikasını sənaye və xidmət robotlarından ayrıca aparmağa başlayıb. Federasiyanın sənaye və xidmət robotları üzrə 2025-ci il məlumatlarını sentyabrın 24-də açıqlaması planlaşdırılır.

Bazarın qarşıdakı illərdə daha sürətlə böyüyəcəyi gözlənilir. “Bank of America Global Research” analitiklərinin hesablamalarına görə, 2026-cı ildə dünya üzrə təxminən 90 min humanoid robot tədarük edilə bilər. 2030-cu ilə qədər isə illik tədarükün 1,2 milyon ədədə çatacağı proqnozlaşdırılır.

IFR-in statistikası robot istehsalçılarının və milli sahə assosiasiyalarının təqdim etdiyi məlumatlar əsasında hazırlanır. Statistikaya istehlakçı və hərbi məqsədli humanoid robotlar daxil edilmir. Tibbi robotlar isə ayrıca kateqoriyada nəzərə alınır.

MONETAR.AZ