Yaxın Şərqdəki münaqişə fonunda diqqət əsasən Hörmüz boğazına və neft qiymətlərindəki kəskin artıma yönəlsə də, Qara dənizdə yaranan gərginlik qlobal iqtisadiyyat üçün əlavə risklər formalaşdırır. Bloomberg-in məlumatına görə, Rusiya və Ukraynanın birgə payına dünya üzrə buğda ticarətinin dörddə birindən çoxu düşür və regionda tədarük zəncirinin pozulması inflyasiyanın sürətlənməsi ilə yanaşı, ərzaq təhlükəsizliyi baxımından da ciddi problemlər yarada bilər.
İyul ayından etibarən tərəflərin bir-birinin limanlarına, taxıl terminallarına, elevatorlarına və gəmilərinə hücumları intensivləşdirib. Nəticədə Qara dəniz vasitəsilə taxıl tədarükü məhdudlaşıb. Münaqişənin Rusiyanın enerji infrastrukturuna da təsir göstərməsi dizel yanacağının qiymətlərinin rekord səviyyəyə yüksəlməsinə səbəb olub. Yanacağın kənd təsərrüfatı üçün əsas resurslardan biri olması onun bahalaşmasının ərzaq qiymətlərinə əlavə təzyiq yaratması riskini artırır.
Dünyanın ən böyük buğda idxalçısı olan Misirin təxminən bir aydır Qara dəniz regionundan taxıl ala bilmədiyi bildirilir. Ukrayna dronlarının hücumları Rusiyanın ixrac imkanlarını məhdudlaşdırır, Ukrayna isə limanlarının bloklanması səbəbindən taxılı əsasən quru və çay marşrutları ilə ixrac etməyə çalışır. Məhsul yığımının davam etməsi ölkədə anbar çatışmazlığı problemini də daha qabarıq göstərir.
Bu proseslərin fonunda buğdanın qiyməti son üç ilin ən yüksək səviyyəsinə yüksəlib. Bununla belə, 2022-ci ildə Türkiyənin vasitəçiliyi ilə Ukrayna taxılının ixracına imkan yaradan Qara dəniz təşəbbüsünə bənzər yeni razılaşmanın əldə olunacağına dair hələlik ciddi əlamətlər yoxdur.
Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin ərzaq təhlükəsizliyi üzrə eksperti Keytlin Uelş bildirib ki, Qara dənizin qlobal buğda ticarəti üçün əhəmiyyəti Hörmüz boğazının dünya neft ticarətindəki roluna bənzəyir. Onun sözlərinə görə, bazarlar regiondakı hücumların mümkün nəticələrini hələ tam qiymətləndirmir.
“SovEcon”un hesablamalarına görə, iyul-sentyabr aylarını əhatə edən məhsul yığımı dövründə Rusiya və Ukraynanın birgə buğda ixracının ötən ilin müvafiq dövrünün təxminən yarısı qədər olacağı gözlənilir. Bu iki ölkə qlobal günəbaxan yağı ticarətinin təxminən üçdə ikisini, qarğıdalı tədarükünün isə onda birini təmin edir.
Tədarükün azalması alıcıları alternativ mənbələrə yönəldib. Türkiyə, BƏƏ və digər ölkələr Baltikyanı ölkələrə, Banqladeş Rumıniya və Argentinaya müraciət edib. Fransa isə son 18 ildə ilk dəfə Sudana buğda göndərib. Avstraliyanın iri taxıl treyderlərindən biri olan “CBH Group”un buğda ticarəti üzrə meneceri Uilyam Rid bazarda dünyanın müxtəlif yerlərindən artan sayda sorğuların daxil olduğunu bildirib.
Digər əsas istehsalçı ölkələrdə də vəziyyət tədarükün genişləndirilməsi üçün əlverişli deyil. ABŞ-də quraqlıq buğda və qarğıdalı məhsuldarlığını azaldıb, Avropada isə anomal isti hava şəraiti məhsula mənfi təsir göstərib.
Rusiya alternativ ixrac marşrutlarından istifadə etməyə çalışır. Ölkənin kənd təsərrüfatı naziri Oksana Lut Rusiya taxılının Qazaxıstan, Baltik və Xəzər dənizləri, eləcə də Uzaq Şərq vasitəsilə daşındığını bildirib. Lakin bu marşrutlar həm daha uzun, həm də daha bahalıdır. Baltik istiqamətində tranzitin artması Latviya və Litvanı məhdudiyyətləri nəzərdən keçirməyə vadar edir, Uzaq Şərq marşrutu isə əlavə minlərlə mil dəmir yolu daşınması tələb edir.
Qazaxıstan Taxıl İttifaqının analitik komitəsinin rəhbəri Yevgeni Karabanov alternativ marşrutların Qara dənizdən itirilən həcmləri tam əvəz edə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, dünya bazarında yaranan çatışmazlığı qısa müddətdə digər ölkələrdə əlavə taxıl istehsalını artırmaqla kompensasiya etmək mümkün deyil.
Ukrayna da ixrac üçün alternativ kanalları genişləndirməyə çalışır. Kiyev Rumıniyanın Konstanta limanı və Avropa İttifaqı ilə dəmir yolu sərhəd keçidləri vasitəsilə tədarükü artırmağa çalışsa da, mövcud infrastruktur imkanları məhduddur. Hazırda sərhəddən gündə təxminən 180 taxıl vaqonu, yaxud 10 min tona yaxın məhsul keçə bilir.
Aİ Ukrayna taxılının alternativ marşrutlarla ixracını dəstəkləsə də, Qara dəniz üzərindən həyata keçirilən daşımaların tam əvəzlənməsi mümkün görünmür. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas regiondakı vəziyyətin yeni “qlobal ərzaq təhlükəsizliyi şoku” yarada biləcəyi barədə xəbərdarlıq edib.
Bundan əlavə, İran ətrafında gərginlik fonunda gübrə və yanacaq qiymətlərinin artması kənd təsərrüfatının xərclərini yüksəldir. Güclü El-Ninyo hadisəsi ilə bağlı gözləntilər də ərzaq bazarlarında əlavə qeyri-müəyyənlik yaradır. Nəticədə ərzaq inflyasiyasının ilin sonuna doğru yenidən sürətlənməsi riski artır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Qara dənizdəki vəziyyətin həllinin vacibliyini vurğulayıb. Ankara 2022-ci ildə əldə edilmiş Qara dəniz taxıl təşəbbüsünə bənzər yeni razılaşmanın hazırlanmasına ümid edir.
Sülh danışıqları ilə bağlı ümidlər fonunda buğda qiymətləri bu ay müəyyən qədər geriləsə də, “Bloomberg Intelligence” analitikləri bazarların mövcud riskləri tam nəzərə almadığını bildirirlər. Rusiya və Ukraynada fermerlərin artıq gələn ilin məhsulu üçün əkinə başlaması fonunda ilkin məlumatlar əkin sahələrinin azaldığını göstərir. Bu tendensiyanın davam etməsi 2027-ci ildə qlobal taxıl tədarükünə əlavə təzyiq yarada bilər.
MONETAR.AZ