“Volvo Cars” model çeşidini genişləndirmək və satış həcmini artırmaq məqsədilə 2030-cu ilədək 13 yeni avtomobil modeli təqdim etməyi planlaşdırır. Şirkət yeni modelləri müxtəlif regionların tələbatına uyğun olaraq bazarlara çıxarmağı nəzərdə tutur.
Plan çərçivəsində altı yeni model Çin bazarı, yeddi model isə Qərb ölkələri üçün hazırlanacaq. Şirkət hesab edir ki, məhsul çeşidinin genişləndirilməsi satışların artmasına və maliyyə göstəricilərinin yaxşılaşmasına şərait yaradacaq.
“Volvo Cars” yeni modellərin tətbiqi hesabına faiz və vergilər ödənilməzdən əvvəl mənfəət marjasını (EBIT) 2025-ci ildəki 3,5 faizdən 8 faizdən yuxarı səviyyəyə çatdırmağı hədəfləyir.
Qərb bazarları üçün nəzərdə tutulan avtomobillər SPA2 və SPA3 platformaları əsasında istehsal olunacaq. Çin bazarı üçün hazırlanacaq modellər isə “Volvo” ilə eyni holdinqə daxil olan “Geely Auto” ilə əməkdaşlıq çərçivəsində işlənib hazırlanacaq.
Şirkətin rəhbəri Håkan Samuelsson bildirib ki, yeni məhsul strategiyası regional bazarlara uyğun modellərin hazırlanması, elektrikləşdirmə, “Geely” ilə əməkdaşlıq və müştərilərə avtomobildən kənar əlavə xidmət və imkanların təqdim edilməsinə əsaslanır.
“Volvo Cars” bu strategiya ilə müxtəlif regionların spesifik tələblərinə uyğun məhsul portfeli formalaşdırmağı və elektrikli avtomobillər seqmentində mövqelərini gücləndirməyi qarşıya məqsəd qoyur.
MONETAR.AZ