ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonun süni intellekt sahəsində ABŞ və Çin arasında yeni təhlükəsizlik bildirişləri sisteminin yaradılmasını təklif etdiyini açıqlayıb.
Bessent bu barədə bazar günü Nyu-Yorkda Çinin Baş nazirinin müavini He Lifenqlə keçirdiyi danışıqlardan sonra jurnalistlərə bildirib. Onun sözlərinə görə, təklifin bu həftə Vaşinqtonda keçirilməsi gözlənilən ABŞ-Çin sammitində prezidentlər Donald Tramp və Si Tszinpinin diqqətinə təqdim olunması nəzərdə tutulur.
“Reuters”in məlumatına görə, Bessent belə bir mexanizmin ABŞ və Çin arasında süni intellekt sahəsində ümumi məqsədlərin və mümkün risklərin müəyyənləşdirilməsinə xidmət edə biləcəyini bildirib. O, iki ölkə arasında süni intellektlə bağlı fəaliyyətlərdə daha çox şəffaflığın təmin olunmasının vacibliyini vurğulayıb.
Təklifin əsas məqsədlərindən biri süni intellekt texnologiyalarının yaratdığı təhlükəsizlik riskləri barədə tərəflər arasında məlumat mübadiləsinin gücləndirilməsi olacaq. Bununla yanaşı, Çin tərəfinin təşəbbüsə münasibəti hələlik açıqlanmayıb. “Sinxua” agentliyinin görüşlə bağlı yaydığı məlumatda tərəflərin süni intellekt məsələsini müzakirə etdiyi bildirilsə də, konkret yeni mexanizm barədə ətraflı məlumat verilməyib.
Bessent və He Lifenq arasında keçirilən görüş ABŞ və Çin liderlərinin bu həftə Vaşinqtonda baş tutması gözlənilən sammitinə hazırlıq çərçivəsində təşkil olunub. Görüş Si Tszinpinin Donald Trampın ikinci prezidentlik müddəti ərzində ABŞ-yə ilk səfəri kimi qiymətləndirilir.
Danışıqların gündəliyində süni intellektlə yanaşı, ticarət məsələləri də mühüm yer tutur. Tərəflərin ABŞ-nin Çinə süni intellekt çiplərinin tədarükünə tətbiq etdiyi məhdudiyyətlər, Pekinin ABŞ-dən soya idxalı ilə bağlı öhdəlikləri və nadir torpaq metallarının ixracı məsələlərini müzakirə etməsi gözlənilir.
ABŞ və Çin arasında qüvvədə olan müvəqqəti ticarət atəşkəsinin müddəti noyabrın əvvəlində başa çatır. Bu səbəbdən Vaşinqton və Pekin arasında keçiriləcək sammit tərəflərin ticarət münasibətlərinin gələcəyi ilə bağlı razılaşmalar əldə etməsi baxımından mühüm mərhələ hesab olunur.
MONETAR.AZ