Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılıb.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, qərar ABŞ tərəfindən İrana qarşı tətbiq edilən yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna yönəlmiş məhdudiyyətlərlə əlaqədar qəbul edilib. İran aviaşirkətlərinin Azərbaycana həyata keçirdiyi uçuşlar dünən sentyabrın 22-dən dayandırılıb.
Məsələ ilə bağlı Dövlət Mülki Aviasiya Agentliyi də açıqlama yayıb. Agentlik bildirib ki, ABŞ-nin İranın aviasiya sektoruna tətbiq etdiyi sanksiyalarla əlaqədar həmin ölkənin aviaşirkətlərinin Azərbaycana reysləri müvəqqəti dayandırılıb.
Mövcud məhdudiyyətlərlə əlaqədar İran aviaşirkətlərindən Azərbaycana bilet alan sərnişinlərə müvafiq aviaşirkətlərə və biletləri əldə etdikləri satış məntəqələrinə müraciət etmələri tövsiyə olunur.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-də İranın aviasiya sektoruna qarşı genişmiqyaslı yeni sanksiyalar elan edib. ABŞ tərəfi bu tədbirlərin İranın aviasiya sektorunda fəaliyyət göstərən şirkət və vasitəçilərə yönəldiyini bildirib.