Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) 50 illik yubileyinə həsr olunmuş bülletendə Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik fəaliyyəti ilə bağlı xüsusi məqalə dərc olunub.
Məqalədə IAEA prezidenti Mafu S. Rakometsi DİM-i 10 illik yubileyi münasibətilə təbrik edib və Assosiasiya ilə Mərkəz arasında uzun illər ərzində formalaşmış əməkdaşlığı yüksək qiymətləndirib.
Qeyd olunub ki, DİM, eləcə də onun sələfi olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti nəzərə alınmaqla, 1999-cu ildən IAEA-nın institusional üzvüdür. DİM 2007 və 2019-cu illərdə Assosiasiyanın illik konfranslarına ev sahibliyi edib.
Yubiley nəşrində DİM-in 10 illiyi münasibətilə 10 aprel 2026-cı ildə Bakıda keçirilən “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransa da geniş yer ayrılıb.
Məqalədə DİM-in IAEA-nın fəal üzvlərindən biri olduğu və təhsilin qiymətləndirilməsi sahəsində beynəlxalq əməkdaşlığın inkişafına xüsusi töhfə verdiyi vurğulanıb.
IAEA-nın 50 illik yubiley bülletenində dərc olunan məqalə və Assosiasiyanın fəaliyyəti barədə ətraflı məlumatla https://iaea.info/the-golden-jubilee-newsletter/ vasitəsilə tanış olmaq mümkündür.